Martın  1-də QHT nümayəndələri üçün Ədliyyə Nazirliyinin Fərdi Elektron Pəncərə (FEP) sistemindən istifadəyə həsr olunmuş 2 vebinar keçirilib.

QHT.az xəbər verir ki, vebinarlarda Bakı, Gəncə, Mingəçevir, Şirvan, Quba, Qusar, Saatlı, Sabirabad, Neftçala, Lənkəran və Zaqatalada fəaliyyət göstərən 42 QHT-nümayəndəsi (hər vebinarda 21 iştirakçı) iştirak edib.

USAİD-in ECSOFT layihəsi çərçivəsində keçirilən vebinarlarda Fərdi Elektron Pəncərə (FEP) sistemi QHT-lərə qrantların, xidmət müqavilələrinin, ianələrin, habelə, təsis sənədlərinə dəyişikliklərin (məsələn, ünvanın və ya idarə heyətinin dəyişdirilməsi) qeydiyyatı üçün onlayn müraciətlər təqdim etməyə imkan verir.

Vebinarda MG Consulting şirkətinin hüquqşünası Nurlana Əliyeva iki təqdimatla çıxış edib. Birinci təqdimatda qrantların, xidmət müqavilələrinin və ianələrin qeydiyyatı ilə bağlı qanunvericilik tələblərinə toxunulmuş, ikinci təqdimatda isə daha çox FEP sisteminə dair ətraflı və praktiki təlimatlara, o cümlədən müəyyən sahələrin doldurulmasına dair göstərişlərə, dəstəkləyici sənədlərin necə əlavə edilməsinə diqqət yetirilmişdir.

Tədbirin sonunda Nurlana Əliyeva və Məhəmməd Quluzadə tərəfindən iştirakçıların sualları cavablandırılıb.