"Son dövrlərdə yol-nəqliyyat hadisələrinin və xüsusilə ölüm və ağır xəsarətlə nəticələnən qəzaların artması bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır. Burada tək bir səbəb göstərmək düzgün olmazdı".

Bu fikirləri nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlamasında bildirib.

Adil Nəbiyev bildirib ki, avtomobillərin sayının artması hərəkət intensivliyini yüksəltsə də, əsas problem insan faktorudur: "Əvvəla, ölkədə avtomobillərin sayı ildən-ilə artır. Nəqliyyat vasitələrinin sayının çoxalması yollarda hərəkət intensivliyini yüksəldir və bu da qəza riskini artırır. Lakin əsas problem nəqliyyat vasitələrinin çoxluğu deyil, yol hərəkəti iştirakçılarının davranışıdır".

A.Nəbiyevin sözlərinə görə, ağır yol-nəqliyyat hadisələrinin başlıca səbəbi sürücülərin qayda pozuntularıdır: "Sürücülər arasında sürət həddinin aşılması, təhlükəli manevrlər, ara məsafəsinin qorunmaması, qarşı zolağa çıxma, svetofor və yol nişanlarının tələblərinə əməl edilməməsi ağır nəticəli qəzaların əsas səbəblərindəndir. Xüsusilə yüksək sürət zamanı baş verən qəzalarda ölüm və ağır xəsarət riski dəfələrlə artır".

Ekspert vurğulayıb ki, piyadaların məsuliyyətsiz davranışları da qəzaların yaranmasında mühüm rol oynayır: "Digər tərəfdən, piyadaların məsuliyyəti də az deyil. Bir çox hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının sıx olduğu ərazilərdə qəfil yola çıxır, diqqəti mobil telefona yönəldərək hərəkət edir və ya təhlükəni düzgün qiymətləndirmir. Bu cür davranışlar sürücülərin reaksiya imkanlarını məhdudlaşdırır və faciəvi nəticələrə səbəb olur".

Mütəxəssis qeyd edib ki, yol infrastrukturundakı çatışmazlıqlar riskləri artırsa da, insan amili həlledici olaraq qalır: "Bununla yanaşı, bəzi hallarda yol infrastrukturu, işıqlandırma, nişanlanma və yolun texniki vəziyyəti də risk yaradan amillər sırasındadır. Lakin ən müasir yol infrastrukturu belə insan faktorunu tam aradan qaldıra bilmir".

Adil Nəbiyev bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması bütün tərəflərin ortaq məsuliyyətidir: "Ümumiyyətlə, yol hərəkətinin təhlükəsizliyi sürücü, piyada və aidiyyəti qurumların birgə məsuliyyətidir. Statistikalar da göstərir ki, qəzaların böyük əksəriyyəti məhz insan faktoru ilə bağlıdır. Ona görə də həm sürücülərin, həm də piyadaların yol hərəkəti qaydalarına ciddi riayət etməsi, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməsi ölüm və ağır xəsarətlə nəticələnən hadisələrin azalmasının əsas şərtidir".

A.Nəbiyevin fikrincə, yol hərəkəti qaydalarına əməl etmək hər bir insanın həyatını qorumaq üçün vacibdir: "Yolda hər kəs anlamalıdır ki, qaydaların pozulması sadəcə cərimə riski deyil, insan həyatı üçün təhlükədir. Bir neçə saniyəlik diqqətsizlik və ya tələskənlik bəzən geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".

Fatimə Nəbiyeva