Apple məhsullarının yaxın zamanda bahalaşacağı ilə bağlı açıqlamalar fonunda işlənmiş iPhone-lara marağın artacağı gözlənilir.

QHT.az xarici mediaya istinadən bildririr ki, məlumata görə, son illərdə istehsal olunan iPhone modellərinin yüksək performansı və uzunmüddətli proqram təminatı dəstəyi istifadəçilərin yeni cihaz almaq ehtiyacını azaldır. Mütəxəssislər hesab edirlər ki, işlənmiş iPhone almaq həm maliyyə baxımından sərfəlidir, həm də elektron tullantıların azalmasına töhfə verir.

Təmir hüququnun müdafiəsi ilə məşğul olan təşkilatın rəhbəri Kyle Wiens bildirib ki, son bir neçə ildə istehsal edilən iPhone modelləri hələ də yüksək keyfiyyətli istifadə təcrübəsi təqdim edir və işlənmiş cihaz almaq heç vaxt indiki qədər məntiqli olmayıb.

Qeyd edək ki, Apple-ın baş icraçı direktoru Tim Cook son açıqlamalarından birində şirkətin məhsullarında qiymət artımının qaçılmaz olduğunu bildirib. O, hansı məhsulların bahalaşacağını və qiymət artımının nə vaxt qüvvəyə minəcəyini dəqiqləşdirməyib.

Mütəxəssislərin fikrincə, qiymət artımı baş verərsə, istifadəçilərin bir hissəsi yeni modellər əvəzinə işlənmiş və ya daha köhnə iPhone modellərinə üstünlük verə bilər.