Son illərdə inkişaf etməkdə olan ölkələr və ekspertlər iqlim maliyyəsinə ayrılan vəsaitin kifayət etmədiyini bildirirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki, iqlim maliyyəsi həm inkişaf etmiş ölkələrin öz yaşıl enerji layihələrinə yatırdığı sərmayələri, həm də inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün ayırdığı vəsaitləri əhatə edir.

Mütəxəssislərin fikrincə, əsas problem qlobal cənub ölkələrinə yönələn maliyyənin ehtiyacları qarşılamamasıdır. Bu ölkələr iqlim dəyişikliyinin təsirlərindən daha çox zərər görsələr də, onlara ayrılan vəsait hələ də kifayət deyil.

Bundan əlavə, ayrılan maliyyənin mühüm hissəsi qrant deyil, kredit şəklində verilir. Bu isə borc yükü yüksək olan ölkələr üçün əlavə çətinlik yaradır.

İqlim maliyyəsi əsasən bərpa olunan enerji, iqlimə uyğunlaşma, su ehtiyatlarının qorunması və təbii fəlakətlərə hazırlıq layihələrinə yönəldilir. Lakin ekspertlər mövcud maliyyə sistemində şəffaflıq, vəsaitlərin bölüşdürülməsi və maliyyə çatışmazlığı kimi problemlərin davam etdiyini vurğulayırlar.