Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi yol hərəkəti iştirakçılarının qaydaları pozmasıdır. Mövcud qanunvericilik və cərimə sistemi ilə yaxın gələcəkdə qəzaların sayının azalacağı gözlənilmir.
Bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov QHT.az-a açıqlamasında səsləndirib.
Ekspert bildirib ki, aparılan araşdırmalar qəzaların əsas səbəbkarlarının sürücülər və piyadalar olduğunu göstərir:
“Bilərəkdən qayda pozan sürücü və ya piyadanın səbəbindən ağır faciələr yaşanır. Yol hərəkəti iştirakçılarının məsuliyyəti bu məsələdə çox böyükdür”.
Eldəniz Cəfərovun sözlərinə görə, hazırkı yol hərəkəti haqqında qanun və cərimə-tənbeh sistemi qəzaların sayının azaldılması üçün yetərli deyil. O xatırladıb ki, 2019–2023-cü illəri əhatə edən dövlət proqramında yol-nəqliyyat hadisələrinin sayının beş il ərzində ən azı 30 faiz azaldılması nəzərdə tutulurdu.
“Lakin həmin proqramın müddəaları artıq yaddan çıxıb. Hazırda da proqramda nəzərdə tutulan tədbirlərin tam şəkildə icra olunduğunu görmürük”, – deyə ekspert vurğulayıb.
Nəqliyyat eksperti hesab edir ki, vəziyyətin yaxşılaşdırılması üçün qanunvericilikdə dəyişikliklər edilməli, cərimə sisteminə yenidən baxılmalıdır. Onun fikrincə, əsassız cərimələrin tətbiqi sürücülərdə narazılıq yaradır və qaydalara əməl etmək motivasiyasını zəiflədir.
Eldəniz Cəfərov qeyd edib ki, yol qəzalarının sayının azaldılması üçün təkcə cərimələrin artırılması kifayət deyil, həm də kompleks və effektiv tədbirlərin həyata keçirilməsinə ehtiyac var. O, mövcud sistemlə yaxın vaxtlarda qəzaların sayında ciddi azalmanın mümkün görünmədiyini bildirib.
Zəhra Ağayeva






