Qarabağın azadlığı və yenidən qurulması istiqamətində hər keçən gün yeni addımlar atılır. Ərazidə sosial və iqtisadi inkişafın təmin olunması üçün müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu sırada Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi yer tutur. Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az üçün eksklüziv müsahibəsində Qarabağın bərpasında hava limanının əhəmiyyətini, şəhid ailələri və qazilər üçün sosial dəstək proqramlarını və qeyri-hökumət təşkilatlarının bu böyük prosesdəki rolunu dəyərləndirib.
QHT.az: İlqar müəllim, Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə əlaqədar fikirlərinizi bölüşərdiniz? Bu layihənin bölgə və ölkə iqtisadiyyatına necə təsir göstərəcəyini düşünürsünüz?
İlqar Hüseynli: Füzuli Beynəlxalq Hava Limanının açılması Qarabağ iqtisadi rayonu üçün olduqca əhəmiyyətlidir. Hava limanı istər yükdaşımaların təminatı, istər Qarabağın bərpası zamanı logistika proseslərinin həyata keçirilməsi baxımından mühüm rol oynayacaq. Qarabağda hansı iqtisadi platformanın inkişaf edəcəyini dəqiq bilmirik, lakin bu bölgə aqrar, turistik, sənaye və ya istehsal yönümlü bir mərkəzə çevrilə bilər. Hər bir istiqamət üçün spesifik yükdaşıma təminatına ehtiyac var və bu baxımdan hava limanı həlledici əhəmiyyət daşıyır.
QHT.az: Bu hava limanının turizm və sərnişin daşınması sahəsində nə kimi üstünlükləri olacaq?
İlqar Hüseynli: Əgər sərnişin daşınma mexanizmi yaxşı qurularsa, bu, Qarabağa gələn turistlərin sayını artırmaqla yanaşı, bölgəyə gediş-gəlişi daha rahat edəcək. Bu, həm yerli sakinlərin Qarabağa səfərlərinin təşkili, həm də xarici turistlərin cəlbi baxımından əhəmiyyətli olacaq. Belə bir hava limanının mövcudluğu ölkə iqtisadiyyatına birbaşa müsbət təsir göstərə bilər.
QHT.az: Qarabağ şəhid ailələri və qazilər üçün həyata keçirilən sosial dəstək layihələri barədə fikirlərinizi də bölüşərdiniz?
İlqar Hüseynli: Azərbaycanda şəhid ailələri və qazilər üçün qurulmuş sosial dəstək modeli kifayət qədər yaxşıdır. Mənzil təminatları, avtomobil nəqliyyatı ilə təminat baxımından dövlət tərəfindən görülən işlər böyük önəm daşıyır. Bu yardımlar həm mənəvi, həm də psixoloji baxımdan şəhid ailələrinə və qazilərə dəstək olur. Azad etdikləri torpaqlarda yaşamaq hüququ qazanan qazilər üçün mənzil təminatının yaradılması onların sosial rifahının artırılmasına xidmət edir.
QHT.az: Qarabağın bərpasında qeyri-hökumət təşkilatlarının rolu barədə nə düşünürsünüz? Təşkilatınızın bu istiqamətdə gördüyü və planlaşdırdığı işlər nələrdir?
İlqar Hüseynli: Qarabağın bərpasında QHT-lərin rolu artıq aydın şəkildə hiss olunur. Mənim rəhbərlik etdiyim təşkilat kiçik qadın və gənc sahibkarların işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərinin stimullaşdırılması məqsədilə böyük bir layihə həyata keçirib. Bu çərçivədə həmin bölgələrdə təlimlər keçirmişik və sahibkarlıq bacarıqlarını artırmağa yönəlik fəaliyyətlər təşkil etmişik. Dövlətin kiçik və orta sahibkarlığı dəstəkləyən qurumlarına çıxış imkanlarının yaradılması ilə bu insanlar öz bizneslərini qura biləcəklər. Qarabağın bərpasında bu tip layihələrin davam etdirilməsi vacibdir.
Eyni zamanda, Qarabağda məskunlaşan vətəndaşların ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı sorğular və tədqiqatlar aparmışıq. Bu araşdırmaların nəticələri yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. QHT-lər bu bərpa prosesində daha da fəal iştirak etməli və bu ərazilərin iqtisadi-sosial inkişafına dəstək verməlidirlər.
QHT.az: İlqar müəllim, bu dəyərli fikirləriniz və məlumatlar üçün təşəkkür edirik.
İlqar Hüseynli: Mən təşəkkür edirəm. Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə də xalqımızı təbrik edirəm. Azərbaycan ordusuna və şəhidlərimizə böyük minnətdarlıq hissi ilə borcluyuq.
Pərvanə Fərhadqızı
QHT.az










