“20 ilə yaxındır ki, Azərbaycanda süni mayalanma həyata keçirilir və minlərlə ailə övlad sahibi olub. Valideyn olmaq sevincini yaşayıb. Bu səbəbdən "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul edilməsinin uzadılması ağlasığmazdır. Səyavuş Novruzovun bu müsahibəsi məni pis mənada təəcübləndirdi. Neçənci əsrdə yaşayırıq? İnanıram ki, müdrik spiker Sahiba Qafarova xanım, tanıdığım və ünsiyyətim olan deputatlar- Pərvin Kərimzadə, Musa Quliyev, Müşfik Cəfərov, Məlahət İbrahimqızı, Sevinc Fatəliyeva, Sevinc Hüseynova və digərləri nəhayət ki, qanunun qəbul edilməsinin nə qədər vacib olduğunu müzakirəyə çıxardacaqlar”. – bu sözləri “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə bildirib.

Birliyinin sədri qeyd edib ki, cəmiyyətimizdə gəncləşən qadın xəstəliklərinin, selektiv abortların, sonsuzluğun, yeniyetmələrin və gənclərin reproduktiv problemlərinin həllinə bu qanunla nail olacayıq: “Stereotiplərdən qurtulmaq lazımdır. Dinin buna nə dəxli var? Allah istəməsə heç nə olası deyil. Qanun layihəsi çox illər əvvəl hazırlandığı üçün onun yenidən işlənməsi labüddür”.

QHT.az xəbər verir ki, günün tələbinə uyğun aktuallığını saxlayan “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi bu sahədə beynəlxalq öhdəliklərin və standartların Azərbaycanda həyata keçirilməsinə dəstək olmaqla yanaşı, cinsi ayrı-seçkilik hallarının qarşısının alınmasında da mühüm rol oynaya bilər.

 

 

Pərvanə Fərhadqızı