Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
QHT.az xəbər verir ki, bu dəfə "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynlinin uğur hekayəsi təqdim edilib.
V.Hüseynlinin sözlərinə görə, qadınların cəmiyyətdəki rolu yenilik, nizam və barışın təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Vüsalə Hüseynli bildirib ki, təşkilat fəaliyyətinin ilk 17 ilində gənclər təşkilatı kimi fəaliyyət göstərib və 2003-cü ildə bir qrup gənc tərəfindən yaradılıb:
Bizim təşkilat qadınların fəaliyyəti ilə məşğul olmağa başlamazdan əvvəl uzun illər, təxminən 20 illik fəaliyyətinin 17 ilini gənclər təşkilatı kimi fəaliyyət göstərib. 2003-cü ildə bir qrup ali təhsil müəssisəsini bitirmiş gənc bir araya gələrək Demokratik İslahatçı Gənclər İctimai Birliyini yaratdıq.
Sədr vurğulayıb ki, təşkilat 2003-cü və 2005-ci illərdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb:
2003-cü ildə və 2005-ci ildə təşkilat Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.
V.Hüseynlinin sözlərinə görə, təşkilatın əsas məqsədi gənclərin ictimai-siyasi fəallığını artırmaq, gənc xanımların və qızların hüquqlarını müdafiə etmək olub və bu istiqamətdə müəyyən uğurlar əldə edilib:
O zaman əsas məqsədimiz gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, eyni zamanda, gənc xanımların və qızların hüquqlarını müdafiə etməkdən ibarət idi. Keçən il təşkilatın 20 yaşı tamam oldu. Bu müddətə nəzər saldıqda gördük ki, təşkilat hədəflərinə çatıb. Çünki vaxtilə bir sıra gənclərin xaricdə təhsil alması üçün gördüyümüz işlər olub. Onların əksəriyyətini qızlar, gənc xanımlar təşkil edirdi. Qızların təhsili məsələsi həmişə gündəmimizdə olduğuna görə bu fürsətdən də istifadə edərək onların uğur qazanması üçün müəyyən işlər həyata keçirdik. Demirik ki, bütün işləri biz görmüşük, amma az da olsa, bu yolda onlara dəstək olmuşuq və bunlar da uğurlarımız sırasına əlavə olunub.
Vüsalə Hüseynli bildirib ki, təşkilatın həyata keçirdiyi ən çətin layihələrdən biri Brüsseldə Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiəsinə həsr olunub:
Bir sıra uğurlu layihələrə imza atmışıq. Amma mənim düşüncəmə görə, ən çətin layihələrimizdən birini qeyd etmək istəyirəm. Bu, keçən il Belçikanın paytaxtı Brüsseldə həyata keçirdiyimiz “Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiəsi” layihəsi idi. Layihəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirirdik.
Sədr qeyd edib ki, layihə çərçivəsində xarici qonaqlar, ekspertlər və səfirlərlə birlikdə Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi məsələsi müzakirə olunub:
Bizə ayrılan dörd saatlıq tədbir çərçivəsində xarici qonaqlar, ekspertlər və səfirlərlə birlikdə bu suallara cavab axtarırdıq: Qərbi azərbaycanlılar niyə öz hüquqlarını beynəlxalq arenada müdafiə edə bilmirlər və dünya niyə onların müdafiəsinə səs vermir? Çox gərgin layihə olsa da, düşünürəm ki, onun öhdəsindən uğurla gəldik.
V.Hüseynlinin sözlərinə görə, layihələr üzərində işləmək yeni təşəbbüslərin yaranmasına şərait yaradır:
Biz layihələr üzərində işlədikcə bir layihədən digər layihələr doğur.
Vüsalə Hüseynli vurğulayıb ki, süni intellekt dövründə baş verən yeniliklər vətəndaş cəmiyyətinin də yeni fəaliyyət istiqamətləri müəyyənləşdirməsini zəruri edir:
Təbii ki, zaman bizi gözləmir, sürətlə irəliləyir. Biz süni intellekt dövründə yaşayırıq və bu dövr olduqca böyük yeniliklər gətirir. Həmin yeniliklərin bəziləri bu gün Azərbaycanda belə tətbiq olunmur. Biz Avropaya, Amerikaya və digər ölkələrə gedib-gəlirik, hər dəfə yeni şeylər görürük. Təbii ki, inkişaf etmək üçün vətəndaş cəmiyyəti olaraq qollarımızı çırmalayıb müəyyən işlər görmək istəyirik.
Sədr bildirib ki, təşkilatın qarşıdakı fəaliyyət istiqamətlərindən biri Qərbi Azərbaycan məsələsini beynəlxalq platformalarda gündəmdə saxlamaq və maarifləndirmə işlərini davam etdirməkdir:
Bu baxımdan düşünürəm ki, bir neçə istiqamətdə fəaliyyət göstərə bilərik. Bunlardan biri Qərbi Azərbaycan məsələsini davam etdirməkdir. Bu məsələ hələ gündəmə gətirilməyən ölkələrə müraciət etmək istəyirik. Maarifləndirmə işləri davam etməlidir.
V.Hüseynlinin sözlərinə görə, Qərbi Azərbaycan məsələsi ilə bağlı fəaliyyətin davam etdirilməsi təşkilatın əsas strateji prioritetlərindən biridir:
Çünki biz bu işə yeni başlamışıq, amma bizi doğma yurdumuzdan çıxaranlar uzun illərdir ki, bu məsələ ilə məşğul olurlar. Düşünürəm ki, ilk növbədə, strateji məsələmiz budur.
Vüsalə Hüseynli qeyd edib ki, qızların təhsili məsələsinə daha geniş diqqət yetirilməli, xüsusilə regionlarda erkən nikah probleminə qarşı mübarizə aparılmalıdır:
İkinci istiqamət qızların təhsilidir. Bu məsələ ilə daha geniş şəkildə məşğul olmaq lazımdır. Çünki bilirik ki, bu gün Azərbaycanın regionlarında erkən nikah problemi mövcuddur. Bəzi valideynlər evlərindəki iqtisadi çətinlikləri qızları ilə əlaqələndirir və bu çətinliklərdən qurtulmaq üçün çıxış yolunu erkən nikahda görürlər.
Sədr vurğulayıb ki, erkən nikahın ağır nəticələri qadınların həyatına ciddi təsir göstərir və bu problemin qarşısının alınması vacibdir:
Təbii ki, erkən nikahın uğursuz nəticələri sonda insan alverinə, qadınların isə intiharına qədər gətirib çıxara bilir. Televiziyada və mətbuatda bununla bağlı kifayət qədər məlumat alırıq, müxtəlif hadisələrin şahidi oluruq.
V.Hüseynlinin sözlərinə görə, qadınların iqtisadi azadlığının təmin edilməsi də təşkilatın diqqət yetirdiyi əsas istiqamətlərdən biridir:
Üçüncü istiqamət qadınların iqtisadi azadlığı məsələsidir. Düzdür, bir çoxları bunu başqa cür başa düşürlər və düşünürlər ki, qadının əlinə pul gəldikdə, o, ailəsini istəmir. Əksinə, qadın qala quran, qala tikəndir.
Vüsalə Hüseynli bildirib ki, qadının özünü sevməsi və özünə dəyər verməsi digər məsələlərin də düzgün istiqamətdə inkişafına zəmin yaradır:
Qadın ilk növbədə özünü sevməlidir. Biz özümüzü seviriksə və özümüzə dəyər veririksə, deməli, yerdə qalan bütün məsələləri də düzgün istiqamətdə inkişaf etdirə biləcəyik.












