Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevadan hüquqların qorunması sahəsində təşkilatın gördüyü işlər, üzləşdiyi çətinliklər və gələcək planlar barədə müsahibə aldıq.
QHT.az: Sizin təşkilat insan hüquqları pozulan şəxslərə hüquqi dəstək vermək üçün hansı xidmətləri təklif edir? Bu xidmətlərdən faydalananların sayı nə qədərdir?
Zenfira Mustafayeva: Təşkilatımızın əsas missiyası qadın və uşaqların hüquqlarının müdafiəsidir. Müraciət edən xanımların hüquqi problemlərini həll etmək və onların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə edirik. Əksər hallarda qadınların hüquqları ailə daxilində pozulur – onların işləmək, təhsil almaq və ya sərbəst seçim etmək azadlığı əllərindən alınır. Belə hallarda hər iki tərəflə fərdi söhbətlər aparılır, təşkilatın psixoloqu tərəfindən seanslar keçirilir, hüquqların mahiyyəti izah olunur. Nəticədə, çox vaxt ailənin tamlığı qorunaraq müsbət nəticələr əldə edirik. İl ərzində təşkilatımıza 500-dən çox müraciət daxil olur. Əksər hallarda pozulmuş hüquqlar məhkəmə yolu ilə bərpa edilir. Lakin bəzi mürəkkəb hallarda, məsələn, üçüncü tərəfin (qaynana, baldız və s.) müdaxiləsi zamanı məhkəməsiz həll mümkünsüz olur.
QHT.az: Azərbaycanda insan hüquqlarının qorunması sahəsində qarşılaşdığınız əsas çətinliklər hansılardır?
Zenfira Mustafayeva: İnsanlarımız çox vaxt öz hüquqlarını bilmirlər. Eyni zamanda, şəxsi mənafelər uğrunda digərlərinin hüquq və azadlıqlarını pozmaq halları da mövcuddur. Bu problemlərin həlli üçün maarifləndirmə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Biz hüquqi və sosial maarifləndirmə tədbirlərinə xüsusi önəm veririk. Hər bir insanın haqqıdır ki, onun özünə aid hüquqları və azadlığı olsun. Hər kəs eyni hüquqa malikdir. Uşaq dünyaya gəldiyi andan onun onun hüquqları və azadlıqları var. Dövlətimiz tətəfindən həm konstitusiyamızda, həm qanunvericiliklərimizdə hər bir vətəndaşın hüquqlarının qorunması və bu hüquqların nədən ibarət olması təsbit edilmişdir. Hər kəs bilməlidir ki, öz şəxsi mənafeyi üçün digərlərinin hüquq və azadlığını tapdalamamalıdır.
QHT.az: İnsan hüquqlarının müdafiəsi sahəsində təşkilatınız tərəfindən həyata keçirilən tədbirlərlə bağlı məlumat verə bilərsinizmi?
Zenfira Mustafayeva: Bildiyiniz kimi, 10 dekabr Ümumdünya İnsan Hüquqları Günü və Məişət Zorakılığı Əleyhinə 16 Günlük Kampaniyanın son günüdür. Təşkilatımız bu çərçivədə müxtəlif qurum və idarələrdə tədbirlər keçirib, televiziya verilişlərində mövzu ilə bağlı çıxışlar edib. Məqsədimiz ictimaiyyətdə insan hüquqlarına dair məlumatlılığı artırmaq və qadınların hüquqlarının müdafiəsində daha geniş dəstək təmin etməkdir.
QHT.az olaraq Zenfira xanıma dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün təşəkkür edirik. Ümid edirik ki, bu cür maarifləndirici müsahibələr insan hüquqlarının qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində cəmiyyətə faydalı olacaqdır.
Pərvanə Fərhadqızı
QHT.az












