Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsinin icrasına başlanmışdır.
Təşkilatdan QHT.az-a verilən məlumata görə, fevral ayından icrasına başlanmış layihənin əsas məqsədi Sumqayıt şəhəri və digər regionlarda əhali arasında qadın hüquqları, onların müdafiə mexanizmləri barədə maarifləndirmə kampaniyalarının təşkili, hüquq pozuntularının qurbanı olmuş qadınlar üçün fərdi məlumatlandırma xidmətlərini təşkil etməkdir.
Layihə çərçivəsində qadın hüquqları mövzusunda təlimlər, ictimai müzakirələr, TV verlişlərin hazırlanması və nümayişi nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində hüquqları pozulmuş, həssas qrupa daxil olan qadınlar və onların ailə üzvləri üçün fərdi psixoloji, hüquqi, sosial xidmətlər də təşkil olunacaq. Eyni zamanda qadınlara müəyyən ixtisasa yiyələnməkdə və sonradan işlə təmin olunmağda informasiya yardımı göstəriləcəkdir.
Qadın hüquqları,onların müdafiə vasitələri barədə KİV-də məqalələr dərc ediləcək.
Layihənin icrası dövründə qadın hüquqları sahəsində real vəziyyətin öyrənilməsinə dair sorğular təşkil ediləcəkdir. Sorğuların keçirilməsində əsas məqsəd qadın hüquqlarının pozuntusuna şərait yaradan amillərin öyrənilməsi və bu amillərin aradan qaldırılması yollarının müəyyən edilməsinə yönəlmişdir.
Layihə çərçivəsində həyata keçirdiləcək bütün fəaliyyətlərə könüllülər cəlb ediləcəkdir.
Layihənin imkanlarından yararlanmaq istəyən xanımlar, onun icrasında könüllü qismində iştirak etmək arzusunda olan şəxslər bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər: (50) 680 22 22, (50) 300 87 88, (01864) 64 24827
Ünvan: Sumqayıt şəh, 1-ci mikr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi
Qeyd edək ki, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 2003-cü ildə yaradılmış və 2005-ci ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyası qadınların hüquqlarının müdafiəsi, qadınların içtimai-siyasi həyatda aktivliyinin artırılması, qadınlara və onların ailə üzvlərinə pulsuz sosial, psixoloji, hüquqi və digər zəruri xidmətlərin təşkilindən ibarətdir.












