Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin göstərdiyi sosial xidmətlərdən yararlanan gənclərlə görüş keçirilib.
QHT.az xəbər verir ki, əvvəlcə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə mərkəzin yetirmələri təbrik edilib. Bildirilib ki, bu mərkəzdə mütəxəssislər tərəfindən gənclərə öyrədilən peşələr onların gələcək fəaliyyətlərinin müəyyənləşdirilməsində böyük rol oynayır.
Bu müəssisə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyasını həyata keçirir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur və il ərzində yüzlərlə şəxsə sosial xidmət göstərilir.
Bu kateqoriyadan olan daha çox şəxsə sosial xidmət göstərilməsi məqsədilə bu il Xaçmaz rayonunda Peşə-əmək Reabilitasiyası Mərkəzinin filialı, növbəti mərhələdə isə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan bütün stasionar sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetlərinin yaradılması nəzərdə tutulur.
Sonra iştirakçılara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq 2021-ci ildə çapdan çıxan “Əlillik qüsur deyil“ kitab-albomunun ikinci nəşri təqdim olunub.
Məlumat verilib ki, həm birinci, həm də ikinci nəşrin hazırlanmasında məqsəd uğurlara imza atmaq üçün əlilliyin qüsur və maneə olmadığı mesajını verməkdir. Bu nəşrdə yer alan əlilliyi olan şəxslərin uğur hekayələri də bu hədəflərə nail olmaq üçün gözəl nümunələrdən biridir.
“Əlillik qüsur deyil“ kitab-albomunun “İdman”, “Sərgilər”, “İncəsənət nümunələrinin kataloqu” və digər bölmələrində Mərkəzin müxtəlif peşələrə yiyələnən yetirmələri haqqında məlumatlar, onların fotoları, hazırladıqları incəsənət nümunələrindən bəhs edən geniş məlumatlar yer alıb.
Sonda Mərkəzin yetirmələri olan gənclər söz alaraq daima diqqət mərkəzində olduqlarına, dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.












