“Azərbaycanda əsas problemlərdən biri də məhkəmə qərarlarının icra edilməməsidir. Bu problem aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarında özünü daha çox göstərir. Alimentlə bağlı məhkəmə qərarı icra edilmədikdə isə övladını tənha böyüdən analar ciddi sosial problem yaşayır, hara müraciət edəcəklərini bilmirlər. Kağız formatda göndərilən müraciətlərə çox hallarda cavab verilmir, borcluların axtarılıb tapılması və borcun ödənilməsi ilə bağlı ciddi addımlar atılmır. Bu gerçəkliyi ötən bir il müddətində bizə daxil olan müraciətlər də təsdiqləyir”.
Bu fikirləri Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Xalid Kazımov “QHT.az”a açıqlamasında bildirib.
X.Kazımovun sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarlarının icrası üzrə mövcud durumun araşdırılması işinə başlayıblar. Məqsəd bu sahədəki problemlərin həllinə töhfə vermək, məhkəmə qərarlarının icrası ilə bağlı elektron xidmətin təbliğinə dəstək göstərməkdir.
Hüquq müdafiəçisi bildirib ki, aşağıdakı istqamətlər üzrə müvafiq qurumalara sorğular göndəriblər.
- Son 3 ildə Azərbaycanda çıxarılan məhkəmə qərarlarının ümumi sayı;
- İcra və Probasiya xidmətinə yönəldilən və icra edilməyən məhkəmə qərarlarının sayı;
- İcra edilməyən məhkəmə qərarlarının təsnifi, səbəbi;
- Aliment ödənilməsi ilə bağlı icra edilməyən məhkəmə qərarlarının sayı və respublika üzrə bölgüsü,
- İcra və Probasiya xidməti əməkdaşlarının sayı, iş yükü, qurumun illik büdcəsi.
QHT sədri vurğulayıb ki, sorğular Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyi və Ali Məhkəməyə göndərilib. Dövlət Statistika Komitəsi qısa zamanda sorğuya cavab versə də, digər qurumlardan hələ ki cavab yoxdur.
Xalid Kazımov açıqlamasında daha sonra vurğulayıb:
“Məhkəmə qərarlarının icra edilməməsindən zərər çəkənlərdən, icra etməyən cavabdehlərdən rəylərinin alınması üçün elektron sorğu keçirilməsi üçün ilkin işlərə başlanılıb. Məhkəmə qərarlarının icrası ilə bağlı uğurlu beynəlxalq təcrübə öyrənilir. Qarşıdakı mərhələdə isə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, VCT təmsilçiləri, müstəqil ekspertlərdən müsahibələr alınacaq. İcra edilməyən məhkəmə qərarları ilə bağlı problemlər araşdırılacaq, İcra və Probasiya Xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsinə yönələn 5 araşdırma məqalə hazırlanacaq. Həmin məqalələrin mediada işıqlandırılması ilə yanaşı, həm də ictimai vəkillik kampaniyası aparılacaq. Düşünürük ki, məhkəmə qərarlarının icra edilməməsi təkcə sosial problemlərin yaranmasına səbəb olmur, həm də insanların ədalət mühakiməsinə inamını sarsıdır. Bu səbəbdən məhkəmə qərarlarının icra edilməsi çox vacibdir. Xüsusən, aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası üçün həll yolları tapılmalıdır”.
Qeyd edək ki, bu fəaliyyət Şəffalıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində icra olunur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Beynəlxalq Ailə Sağlamlığı (FHİ360) təşkilatı tərəfindən dəstəklənən ECSOFT layihəsinin inkişaf məqsədlərindən biri hökumətin vətəndaş maraqlarının təşviqi üzrə fəaliyyətində QHT-lərin əsas rol oynamasına töhfə verməkdir.













