"Azərbaycan Deflimpiya Komitəsinin Etika və İntizam Komitəsinin üzvü seçilməyim mənim üçün həm böyük məsuliyyət, həm də mühüm bir etimaddır.

Bu Komitədə təmsil olunmağımı yalnız bir vəzifə kimi deyil, eşitmə məhdudiyyətli idmançıların hüquq və maraqlarının müdafiəsi istiqamətində üzərimə düşən məsuliyyət kimi qəbul edirəm.

İşarə dili üzrə mütəxəssis və eşitmə məhdudiyyətli şəxslər icmasının nümayəndəsi olaraq bilirəm ki, bəzən ən böyük maneə yalnız fiziki imkanlarla bağlı olmur. Ünsiyyət, məlumatın əlçatanlığı, hüquqların izah olunması və insanın öz fikrini sərbəst ifadə edə bilməsi də çox önəmlidir.

İnanıram ki, idmanda hər bir insan üçün ədalətli, təhlükəsiz, etik və inklüziv mühit yaradılmalıdır. Eşitmə məhdudiyyətli idmançılar da öz hüquqlarını bilməli, qaydalar haqqında əlçatan məlumat əldə etməli və qarşılaşdıqları məsələlərin ədalətli şəkildə həll ediləcəyinə əmin olmalıdırlar.

Etika və İntizam Komitəsində fəaliyyətim zamanı eşitmə məhdudiyyətli idmançıların üzləşdiyi məsələlərin diqqətdə saxlanılmasına, maarifləndirmənin işarə dili də daxil olmaqla əlçatan formada aparılmasına və onların səsinin qərarvermə prosesində daha çox eşidilməsinə çalışacağam.

Bu etimadı doğrultmaq üçün məsuliyyətlə çalışacağam.

Çünki inklüzivlik yalnız hamının idmanda iştirak etməsi deyil, həm də hər kəsin fikrinin eşidilməsi və hüquqlarının qorunmasıdır".

Azərbaycan Deflimpiya Komitəsinin Etika və İntizam Komitəsinin üzvü Nərgiz Abdulova