Azərbaycan Deflimpiya Komitəsinin nəzdində yeni Etika və İntizam Komitəsi yaradılıb. Komitənin 6 nəfərdən ibarət tərkibinə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, işarə dili üzrə mütəxəssis və eşitmə məhdudiyyətli şəxslər icmasının tanınmış nümayəndəsi Nərgiz Abdulova da daxil edilib.

Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov Komitənin yeni yaradılmış Etika və İntizam Komitəsinin üzvlərini qəbul edib.

Görüşdə Etika və İntizam Komitəsinin sədri, Azərbaycan Deflimpiya Komitəsinin təsisçisi Yalçın Niftiyev, tanınmış idman xadimləri Elçin Cəfərov və Elxan Məmmədov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mir Hüseyn Həbibli və Nərgiz Abdulova iştirak ediblər.

İclas zamanı İdarə Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş Etika Məcəlləsi, Komitənin Əsasnaməsi, İntizam və Mübahisələrin Həlli Qaydaları müzakirə olunub. Həmçinin sənədlərin tətbiqi, eşitmə məhdudiyyətli idmançılar arasında maarifləndirmə işinin aparılması və Komitənin gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Nərgiz Abdulovanın Komitənin tərkibinə daxil edilməsi eşitmə məhdudiyyətli şəxslərin idman sahəsində hüquq və maraqlarının daha geniş şəkildə nəzərə alınması baxımından əhəmiyyətli addımdır.

İşarə dili üzrə mütəxəssis kimi Nərgiz Abdulova eşitmə məhdudiyyətli şəxslərin kommunikasiya ehtiyaclarını və qarşılaşdıqları çətinlikləri yaxından bilir. Onun Komitədə təmsil olunması etik davranış və intizam qaydalarının eşitmə məhdudiyyətli idmançılara daha əlçatan formada çatdırılmasına, onların hüquq və maraqlarının müdafiəsinə və inklüziv idman mühitinin gücləndirilməsinə töhfə verəcək.

Etika və İntizam Komitəsinin yaradılması Azərbaycan Deflimpiya hərəkatında şəffaflığın, ədalətin, məsuliyyətin və etik prinsiplərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Yeni Komitənin qarşıdakı fəaliyyətində həm idmançıların hüquqlarının qorunması, həm də yarana biləcək mübahisələrin obyektiv və ədalətli şəkildə həlli əsas istiqamətlərdən olacaq.

Nərgiz Abdulova yeni fəaliyyət istiqamətində eşitmə məhdudiyyətli idmançıların səsinin eşidilməsi, onların hüquqlarının qorunması və idmanda bərabər imkanların təmin olunması üçün öz bilik və təcrübəsi ilə töhfə verməyi qarşıya məqsəd qoyur.