Avstraliya hökuməti sosial media platformalarının tənzimlənməsi ilə bağlı yeni planların ABŞ ilə münasibətlərə mənfi təsir göstərəcəyini düşünmür.

QHT.az xarici mediaya istinadən bildirir ki, hökumətin hazırladığı qanun layihəsinə əsasən, sosial media istifadəçiləri platformaların alqoritmlərindən imtina edərək məzmun lentlərini özləri idarə edə biləcəklər. Qaydalara əməl etməyən şirkətlər 109,2 milyon Avstraliya dollarına qədər cərimələnə bilər.

ABŞ administrasiyası isə rəqəmsal xidmət vergiləri və ABŞ texnologiya şirkətlərinə tətbiq olunan cərimələrə qarşı olduğunu bildirib. Avstraliyanın Kommunikasiya naziri Anika Uells ABŞ rəsmilərinin qanun layihəsi ilə bağlı onlarla əlaqə saxlamadığını və islahatların ABŞ şirkətlərinə qarşı təzyiq olmadığını deyib.

Baş nazir Entoni Albanese iki ölkə arasındakı münasibətlərin “çox yaxşı” olduğunu bildirib. O, siyasətin Avstraliyanın milli maraqları əsasında müəyyənləşdirildiyini və Donald Trampla bu ay Nyu-Yorkda görüşəcəyini açıqlayıb.

Avstraliyanın böyük texnologiya şirkətlərini tənzimləmək siyasəti son dövrdə iki ölkə arasında müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. ABŞ həmçinin rəqəmsal xidmət vergilərinə görə ölkələrə qarşı tarif tətbiq edə biləcəyini bildirib.