Monitorinq bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində keçirilib. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindən olub.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən QHT.az-a verilən məlumata görə, tədris dili fənnindən tapşırıqlar oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə etmişdir.

Monitorinqdə şagirdlərə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunmuşdur. Hər düzgün cavab bir balla qiymətləndirilir və maksimal bal 60-dır. Səhv cavablar düz cavablara təsir göstərmir. 2 saat (120 dəqiqə) ərzində keçirilən monitorinqdə iştirak ödənişsiz olmuşdur. Şagirdlər sual kitabçalarını özləri ilə apara biliblər. Cavab kağızları isə sinif nəzarətçilərinə təhvil verilib.

QHT.az xəbər verir ki, ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbari idi. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərdilər.

Monitorinqin nəticələri şagirdlərin fənlər üzrə yekun qiymətlərinə və sinifdən sinfə keçmələrinə təsir göstərməyəcək.

 

Pərvanə Fərhadqızı