2020-ci ilin noyabr ayında 44 gün ərzində biz mənfur düşmən üzərində Qələbə çalmışdıq. Qələbə şəhidlərimizin canı, qanı bahasına əldə edilsə də içimizdə bir nisgil qalmışdı, Xocalı nisgili, Xankəndi, Ağdərə, Əsgəran nisgili. Elə hey düşünürdük, heç olmasa Xocalı alınaydı. Bu düşüncələr təbii idi. Xalqın içindən gəlirdi. Lakin onu da bilirdik ki, müharibə təkcə döyüş meydanında getmir, dünyada döyüş meydanından başqa nə qədər vasitə var idisə orada da müharibə gedirdi. Beynəlxalq təşkilatlarda, beynəlxalq mediada gedirdi, sosial şəbəkədə, ermənipərəst bütün qurumlar bu müharibəyə qoşulmuşdu. Ona görə də biz, bunları nəzərə almalı, atilan hər addımı min ölçüb bir biçməli idik. Azad edilən torpaqların bir daha işğal altına düşməməsi üçün yeridilən siyasətdə səhv etmək olmazdı. Ən kiçik səhv Azərbaycanımıza baha başa gələ bilərdi. Çünki, müharibənin gedişi onu göstərdi ki, Qarabağ böyük oyunçuların maraq dairəsindədir və onlar bu oyundan hələm-hələm çıxmaq niyyətində deyillər. Lakin, necə deyərlər, İlahi ədalət də var axı. Sən demə son döyüş üçün 23 saat da bəs edəcəkmiş...
Mən komandirə zəng vurdum
“N” saylı hərbi hissə komandirinin müavini, Qarabağ ordenli mayor Nail Daşdəmirovla 44 günlük müharibədən sonra şəhidlərimiz haqqında kitab hazırlayanda telefonla çox danışığım, Whatsap yazışmalarım olub. Şəhidlərimizin bir çoxunun komandiri o olub və onlar ilk zərbə dəstələri olublar. Qələbədən 3 il ötür. Qələbənin 3-cü ildönümü ərəfəsində cəbhədə hadisələrin gedişində elə bir dönüş oldu ki, bunu sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Ali Baş komandan Qarabağdakı hərbi, terrorçu qruplaşmaların məhv edilməsi üçün əməliyyata əmr verdi. Çünki, separatçıların torətdikləri cinayətlər bitib-tükənmirdi. Qalib ordumuz, cəngavər döyüşçülərimiz bir anda əməliyyata başladılar. Əməliyyat elə peşəkarlıqla aparıldı ki, cəmi 23 saat ərzində düşmən ağ bayraq qaldırdı. 23 saat bu millət üçün bir məlhəm oldu. Xanın kəndi qayıtdı, Xocalı nisgildən qurtardı, Ağdərə, Əsgəran vətən deyə torpaqlarımıza qovuşdu. Yenə də şəhidlərimiz oldu. Yenə də azad edilən torpaqlarımız şəhid qanı ilə suvarıldı. O şəhidlərdən biri də Zaqatala rayonunun Qımır kəndinə gəldi. Dəfn mərasiminə getdim, yas mərasiminə getdim. Şəhidin döyüş yolu haqqında bəzi təfərrüatları öyrənmək istədim, lakin nail ola bilmədim. Yenə komandirə zəng vurdum, dedim bəlkə tanıyar. Sən demə komandir onu nəinki tanıyır, şəhidimiz onun ən yaxşı döyüşçüsü olub.
-Buralarda hələ bir az işimiz var,-dedi. Həftəsinə mütləq gələcəyəm. Sizə zəng vuraram, görüşərik.
Elə də oldu. O gəldi. Mən onunla məzarlıqda görüşdüm. Məzarlıqda dərin bir sükut var idi. Komandir yaxınlıqdakı altıaçığın altında oturub dərin bir kədərlə şəhid məzarlarını seyr edirdi. Axı, bu kəndin 44 günlük müharibədə 3 şəhidi, 2022-ci ilin sentyabrında 1 şəhidi var idi. Bu da 5-ci şəhid.
Xanməmmədov Hüseyn Mais oğlu
Hüseyn 1985-ci ilin sentyabrın 20-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. Bir bacı, bir qardaş olublar. Onun uşaqlıq illəri qayğısız keçib. Kənd məktəbini bitirən Hüseyn əsgəri xidmətə gedib. 2008-ci ildə evlənib. 2009-cu ildə böyük oğlu Mais (ona atasının adını verib), 2020-ci ildə isə ikinci oğlu Ümid dünyaya gəlib. Mais 2016-cı ildə öz istəyi ilə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində müddətdən artıq hərbi xidmət qulluqçularının hazırlıq kurslarına qəbul edilir. O, döyüş maşınının nişançısı, operator kursunu bitirir. Hüseynin bir hərbçi kimi həyat yolu buradan başlayır. Azərbaycan ordusunun kəskin nişançılara böyük ehtiyacı var idi. Mais elə ilk gündən özünü ən yaxşı hərbçi kimi göstərə bilir. 2016-cı ildən 2020-ci ilə elə də çox vaxt yox idi. Hərbçilərimiz gecə-gündüz təlimlərdə iştirak edir, döyüşlərin başlayacağı anı səbirsizliklə gözləyirdilər. 2020-ci ilin sentyabrın 20-də Hüseyn doğum gününü ailəsi ilə birlikdə keçirir. Onda Ümid cəmi 2 aylıq körpə idi. Sentyabrın 26-sı isə oğlu Maisin ad günü idi. Artıq cəbhədə gərginlik son həddə çatdığından Hüseyn o gün evə gələ bilmir.
O, həm də 44 günlük müharibənin qəhrəmanı idi
-Bilirsiz, bir komandir üçün ən ağır iş nədir? Bir komandir üçün ən ağır olan onun əsgərinin şəhid olması, ya da ağır yaralanmasıdır. Düzdür, mən özüm də ağır yaralar almışam, amma sağam, kaş döyüşçülərim haqqında keçmiş zamanda danışmaq mənə qismət olmayaydı. Lakin, bir şey var ki, mən onların hər birinin necə cəsur, qəhrəman döyüşçü olduğunu şəxsən görmüşəm, müşahidə etmişəm. Hüseyn Xanməmmədov 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində 708 nömrəli hərbi hissənin 4-cü taborun tərkibində Talış kəndinin və Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdü.
Dərindən köks ötürürəm. 2021-ci ilin dekabr ayının 16-da Suqovuşana və Talış kəndinə gedən ilk qrupun tərkibində mən də var idim. O yerlərdə hələ heç bir tikinti işi görülməmişdi, dövlət ora yalnız yol çəkib qurtara bilmişdi. Müharibə səhnələri tam qarşımızda idi. Bu çılpaq təpələr, adsız yüksəkliklər, vəhşi düşmən və onunla qarşı-qarşıya duran hazırlıqlı, içi nifrətlə dolu, döyüşə və ölümə hazır Azərbaycan öğulları. Oğullarımız bu yerlərin hər qarışını şəhid verərək azad etdilər. Hüseyn burada 3 gün vuruşur. Bu döyüşlər haqqında komandir deyir:
-3 gün gedən aramsız və şiddətli döyüşlərdə Hüseyn neçə-neçə düşmən postunu dağıdır. Qəhrəmancasına vuruşur. Sentyabrın 30-da onun döyüş maşınını vururlar. Döyüş maşını yanır. Hüseyn möcüzə sayəsində sağ qalır. O ciddi yanıq xəsarətləri alır və hərbi xəstəxanaya göndərilir. Prezidentin fərmanı ilə Hüseyn Xanməmmədov “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif eilir.
Yenidən xidmətdə
Hüseyn uzun müalicədən sonra yenidən xidmətini davam etdirir. “Mən onun yenidən xidmətə qayıtmasını istəmirdim. Çünki, yaraları dərin idi. Lakin, hərb işi elə işdir ki, ordan ayrılmaq çox çətindir. Xüsusən, vətənin ağır günlərində,-deyir komandir. Hüseyn də, onun kimi onlala yaralımız müalicədən sonra israrla yenidən öz vəzifələrinə qayıtdılar.”
Sentyabr ayı elə bil ki, son illər mütləq hansısa bir hadisə ilə tarixə düçür. 2022-ci ilin sentyabrında da ordumuz qısa əməliyyatla da olsa düşməni susdurmalı oldu. Hüseyn bu zaman Ağdam istiqamətində tapşırıqları uğurla yerinə yetirir.
Son döyüş, son qələbə
2023-cü ilin sentyabrın 19-da ordumuz 2020-ci ilin 10 noyabr anlaşmasına məhəl qoymadan Qarabağda at oynatmaq xülyasına düşmüş erməni terrorçularına qarşı antiterror əməliyyatına başlayır. Bu əməliyyat zamanı Hüseyn öz BMP 2-si ilə ön xətdə idi. Ağdamın Sırxavənd kəndində Ağdərə istiqamətində vuruşurdu. O Papravənd və Ağdərənin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Düşmənin atdığı uzaqmənzilli raket onun döyüş maşınını vurmuşdu. O, şəhid olmamışdan qabaq 5 saat düşmənlə vuruşub. Bunu komandiri deyir. Onu da əlavə edir ki, bu müddətdə Hüseyn düşmənin bir-çox cəmləşmiş birləşmələrini məhv etmişdi. Bu həm ordumuzun son döyüşü idi, həm də qəhrəman oğlumuz Hüseynin həyatına son verən bir döyüş idi. Bir ürək susdu ki, min-min ürəklər vursun, bir həyat söndü ki, onun işığında kəndlər, şəhərlər işğaldan azad olsun, vətən torpağı bütövləşsin. Həmin gün Xocalının da intiamı alındı. Həmin gün çox böyük tarixi qələbəyə imza atıldı. Bu imza Hüseyn kimi şəhidlərimizin qanı ilə yazıldı. Hüseyn doğum günündə, sentyabrın 20-də torpağa tapşırılır.
Hər ikimiz çox kədərliyik, komandir dərindən köks ötürür. “Bilirsiz, elə bilirlər bizimçün ağır deyil. Mənim əsgərlərimlə elə bir yaş fərqim yoxdur. Onlar üçün çox üzülürəm. Hüseynin iki oğlu qaldı. Digər şəhidlərimizin də əksəriyyətinin övladları atasız qaldılar. Nə etmək olar. Qələbə şəhid qanı axmadan qazanıla bilməz. Biz onların əziz xatirəsini yaşatmalıyıq.”
Mənim Qımır kənd məzarlığında Komandirlə olan müsahibəm başa çatır.
-Siz gedin,-deyir. Mən hələ bir müddət döyüşçülərimlə baş-başa qalacağam. Onlara deyəsi sözüm var.
Mən məzarlıqdan ayrılıram. O mərdanə duruşlu, qəhrəman komandirin öz döyüşçüləri ilə dərdləşməsinə mane olmaq istəmirəm. Dünən onlar komandirinə raport verirdilər, bu gün isə komandir öz əsgərlərinə qələbə müjdəli raport verir. Qələbən mübarək, yoldaş komandir!
Elmira Mehdiyeva












