Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Qərib Baxşəliyev Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb və 3 noyabr tarixində Zəngilan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, o, 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. 2000-ci ildən orduda xidmət etməyə başlayıb lakin Tərtər rayonu istiqamətində kontuziya alması nəticəsində xidmətinə Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.
Qərib Baxşəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı












