Noyabrın 2-i və 3-ü tarixlərində Azərbaycan könüllüləri arasında Zəfər Gününə həsr olunmuş “Qarabağ üçün əl-ələ” ASAN İnnovativ Həllər Hakatonu keçirilib.
QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də iştirak etdiyi hakaton “ASAN xidmət”, “ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən Qarabağın yenidən qurulmasında gənclərin iştirakını artırmaq, onların yaradıcı və müasir ideyalarından yararlanmaq məqsədilə həyata keçirilib.
İlk mərhələdə gənclər üçün “ASAN xidmət”, “ABAD”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bilim Bakı” mərkəzinə infoturlar təşkil edilib, mütəxəssislərlə panel görüş və təlimlər keçirilib. Hakatonda iştirak edən komandalar 2 gün ərzində ideya formalaşdırma bacarıqlarını inkişaf etdirərək, “İnnovasiya və infrastruktur”, “Ekoloji dayanıqlılıq”, “İnsan kapitalının inkişafı” və “Keyfiyyətli təhsil” mövzularında öz innovativ həll konseptlərini hazırlayıb, münsiflər heyəti və auditoriya qarşısında təqdim ediblər.
Nəticələrə əsasən III yerin sahibi olan RİİB könüllüləri 300 AZN məbləğində mükafat və sertifikatla təltif olunublar. Qaliblərə, həmçinin hədiyyə təlim paketləri təqdim edilib.
Pərvanə Fərhadqızı












