Vahid məktəbli forması uşaqların, xüsusən də qızların hərəkətliliyini poza bilər.
QHT.az xəbər verir ki, 135 ölkədən 5-17 yaş arası bir milyondan çox məktəblinin məlumatlarını təhlil edən mütəxəssislər müəyyən ediblər ki, əksər məktəblərin forma tələb etdiyi ölkələrdə daha az uşaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi gündə 60 dəqiqə fiziki fəaliyyətə nail olur.
Məktəb forması qaydalarından asılı olmayaraq, əksər ölkələrdə qızların ÜST-nin tövsiyə etdiyi fəaliyyət səviyyələrinə nail olmaq ehtimalı oğlanlara nisbətən daha azdır. Bununla belə, onların arasında fəaliyyət fərqi əksər məktəblərin vahid forma tətbiq etdiyi ölkələrdə daha çox nəzərə çarpırdı. Gənc uşaqlar üçün oyun hərəkətliliyin vacib komponentidir. Qızların ətək və ya paltar geyindikləri təqdirdə aktiv oyunda iştirak etməkdə daha az rahat olduqlarına dair sübutlar var. Bəlkə də bu, alimlərin nəticələrini izah edir.
Mütəxəssislər qeyd ediblər ki, onların işi məktəbli formasının uşaqların fiziki fəaliyyətini məhdudlaşdırdığını sübut etmir. Bununla belə, geyim formasının uşaqların sağlamlığına təsirini qiymətləndirmək və zəruri hallarda onun dizaynını dəyişdirmək üçün daha çox araşdırmaya ehtiyac var.
Pərvanə Fərhadqızı












