26.10.2023-cü il tarixində 129 nömrəli tam orta məktəbində “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
QHT.az xəbər verir ki, ilk əvvəl məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək bildirib ki, uşaqların müdafiəsi, sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13.09.2023-cü il tarixli 3-29-59/52-305F/2023 nömrəli əmrinə və məktəbin illik fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər keçirilir.
Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Könül İsmayılova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə iştirakçılara ətraflı məlumat verib, məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri ilə bağlı bir sıra digər sənədlərdə, o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda da mühüm vəzifələrin təsbit edildiyini nəzərə çatdıraraq, ölkəmizdə məişət zorakılığı və onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Polis baş leytenantı Xədicə Hüseynova “Təhlükəsiz informasiya” mövzusunda çıxış edib, məişət zorakılığına qarşı mövzusuna toxunub: “Məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir”.
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova qeyd edib ki, ölkəmizdə həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır: “Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur".
Məktəbin “Kiçik Akademiya”sının vitse-prezidenti Yusif Allahverdiyev internet resuslarından səmərəli istifadə edilməsi haqqında təqdimatla çıxış edib. Tədbirdə valideynlər, şagirdlər, müəllimlər və rayon ərazisində yerləşən məktəblərin psixoloqları iştirak edib, mövzu ətrafında şagirdləri və valideynləri maraqlandıran suallar cavablandırılıb. Tədbir diskusiya şəklində davam edib. Qonaqlar məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu qeyd ediblər.
Pərvanə Fərhadqızı












