Bu gün cəmiyyətlərin rifah səviyyəsi həssas qrupların sosial müdafiə hüquqlarına göstərilən dəstəklə birbaşa bağlıdır. Əlillər, aztəminatlı ailələr, qadınlar, uşaqlar və qocalar cəmiyyətin həssas qrupuna aid edilir. Bu qrupların hüquqlarının qorunması və inkişaf etdirilməsi sosial ədalət və insani dəyərlər baxımından həyati əhəmiyyət kəsb edir. Azərbaycanda bu həssas qrupların sosial müdafiə hüquqlarının gücləndirilməsi istiqamətində atdığımız addımlar ölkəmizin insan hüquqlarına hörmət edən cəmiyyətə çevrilməsinə sadiqliyini əks etdirir.
Əlillərin cəmiyyətdə tam iştirakını təmin etmək üçün fiziki mühitin və rəqəmsal platformaların əlçatanlığı artırılmalıdır. Əlillərin təhsil, məşğulluq və mədəni tədbirlərdə iştirakı təşviq edilməlidir. Aztəminatlı ailələr üçün sosial yardım proqramları genişləndirilməli və daha səmərəli olmalıdır. Təhsil və səhiyyə xidmətlərinə çıxışı artırmaq üçün təqaüdlər və pulsuz səhiyyə xidmətləri kimi dəstək təmin edilməlidir.
Qadınların təhsili, məşğulluğu və siyasi fəallığı son vaxtlarda QHT-lərin layihəsi çərçivəsində təşviq edilir. Bundan əlavə, zorakılıqla mübarizə üçün effektiv hüquqi mexanizmlər yaradılır. Gender bərabərliyi ilə bağlı maarifləndirmə kampaniyaları təşkil edilir.
Dövlət tərəfindən postmüharibə dövründə icra olunan sosial dəstək evlərin mənzillərin, avtomobillərin verilməsində, ödənişlərin həyata keçirilməsində öz əksini tapır ki, bu istiqamətdə əhalinin ən həssas kateqoriyalarından olan müharibə iştirakçılarına qarşı sosial müdafiə tədbirlərində artımın şahidi oluruq.
İqtisadçı ekspert Elşad Məmmədovdan aldığım açıqlamada qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyi tərəfindən müharibə iştirakçılarına, onların ailə üzvlərinə müvafiq dəstək göstərilir, infrastruktur, maddi- texniki baza genişləndirilir, reabilitasiya ilə bağlı psixoloji dəstək göstərilir: “Müharibə iştirakçılarının məşğulluq proseslərinə cəlb olunması mürəkkəb bir məsələdir. Burada peşə hazırlığı, kompetensiyalar, xüsusilə nəzərə alsaq ki, müharibə iştirakçılarının əksəriyyəti gənc nəslin nümayəndələridir, onların hələ lazımi peşə hazırlığı bir çox hallarda əmək bazarına uyğun deyil. Təbii ki, bu onların günahı deyil. Dövlət bu istiqamətdə çox böyük işlər görməlidir, görülür, start verilib. Burada yalnız bir qurumun deyil, bir çox dövlət qurumlarının əlaqəli şəkildə fəaliyyətinə ehtiyac var. Kommunikasiyaların şəffaf şəkildə qurulması ölkədə əhalinin, xüsusilə də həssas kateqoriyaların sosial müdafiəsinə müsbət təkan vermiş olur. Aparılan müsbət nəticələri dövlət qurumları, ictimai sektor, həssas kateqoriyalar hiss etməkdə olacaq”.
Qeyd edək ki, həssas qruplar üçün psixososial dəstək xidmətləri və məsləhət imkanları təmin edilməsi artırılmalıdır. Ölkəmizdə həssas qruplara təhsil və tədris imkanlarını artırmağa yönlənmiş investisiyalar artırılmalıdır. Bu qrupların öz potensialını daha yaxşı şəkildə göstərməsinə kömək edəcəkdir. Mövcud sosial yardım proqramlarının effektivliyini artırmağa yönlənmiş tədbirlər, yardımın daha doğru, effektiv və ədalətli şəkildə təmin edilməsinə kömək edəcəkdir.
Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi insan hüquqlarına hörmətin ifadəsi olmaqla yanaşı, həm də sosial inkişafın və rifahın açarıdır. Odur ki, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər sosial müdafiə hüquqlarının yaxşılaşdırılması üçün ədalətli, əhatəli və davamlı siyasətlər yaratmaqla daha da gücləndirilməlidir.
Unutmayaq ki, cəmiyyətin əsl gücü onun ən həssas üzvlərinə göstərdiyi hörmətdə və onlara göstərilən qayğıdadır.
“Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.
Pərvanə Fərhadqızı












