Müasir valideynlik və uşaq tərbiyəsi məsələləri ilə məşğul olan alimlər Hişam ət-Talib, Əbdülhəmid əbu Süleyman və Ömər ət-Talib tərəfindən “Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait” adlı geniş metodik vəsait ABŞ ilə yanaşı Tacikistan, Qırğızıstan, Pakistan, Malayziya və digər ölkələrdə pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar və digər mütəxəssislər tərəfindən geniş istifadə olunmaqla Azərbaycanda da 2020-ci ildə İdrak İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilib və Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin icazəsi ilə (DK-1048/Q) nəşr edilib.

QHT.az xəbər verir ki, hazırda isə həmin kitabın əsasında Bakı şəhərində mütəxəssislər üçün 30 oktyabr – 01 noyabr 2023cü il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Pediatrlar Assosiasiyası və Ümidli Gələcək STİB-in birgə təşkilatçılığı və əməkdaşlığı ilə “XXI əsrdə valideyn-uşaq münasibətləri. Milli-mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi” mövzusunda 3 günlük təlim kursu təşkil edilib.

Təlimin ilk günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vüqar Hümbətov, Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru İntiqam Cəbrayılov, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Təranə Tağı-zadə açılış nitqləri ilə çıxış edərək valideyn və uşaq münasibətləri fonunda yeni nəslin fiziki və əqli sağlamlığının qorunması baxımından kursun əhəmiyyətindən danışaraq, müasir dünyada ailənin vəzifələri və məqsədləri, uşaqları tərbiyə üsulları, erkən uşaqlıq dövründə inkişafa dəstək, reproduktiv sağlamlıq və cinsi tərbiyə, uşaqlarla uğurlu ünsiyyətin prinsipləri, şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri və ümumilikdə icra edilən təlimin mövzusunun vacibliyini vurğulamışlar və iştirakçılara müvafiq tövsiyələrini vermişlər. Vəsaitin əsasında və uşaq-valideyn-müəllim münasibətləri sahəsində geniş təcrübəyə malik Təlimçi heyəti tərəfindən təlimdə aşağıdakı mövzular üzrə təqdimatlar və qrup müzakirələr aparılıb:

- Müasir dövrdə uşaqları necə tərbiyə edək: tərbiyə üsulları.

- Ailə məfhumu: müasir dünyada ailənin vəzifələri və məqsədləri

- Müsəlman ölkələrində və türk dövlətlərində ailənin əhəmiyyəti və məqsədləri

- Uşaqların inkişaf mərhələləri və tərbiyə işi nə zaman başlanmalıdır. Erkən uşaqlıq dövründə inkişafa dəstək. Xarakter nədir və necə formalaşır?

- Gender stereotipləri və ənənəvi dəyərlər

- Reproduktiv sağlamlıq və cinsi tərbiyə

- Nümunəvi vətəndaş yetişdirilməsində milli mənəvi dəyərlərin rolu

- Şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri: məsuliyyət və imtiyazların əlaqələndirilməsi amili və s.

Təlimin bağlanış mərasimində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək iştirakçılara mənəvi dəyərlərin zəifləməsi və maddi dəyərlərin üstünlük qazandığı bir dövrdə valideynləri və bütövlükdə cəmiyyəti və ailə institutunu müvafiq olaraq təlimlərdə qazandıqları biliklər əsasında müasir alətlər, metodikalar və yanaşmalar istifadə edərək tətbiqinin vacibliyini vurğulayıb. Sonda təlim iştirakçıları icra edilən layihənin mahiyyətinə dair müsbət fikrilərlə bölüşərək bu cür mövzuların və təlimlərin daha geniş auditoriyalarda keçirilməsini tövsiyyə etdilər. Təlimdə iştirak edən Təhsil İnstitutunun, Azərbaycan Pedaqoji Universitetin, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetinin əməkdaşları və Azərbaycan İlahiyyat İnstitutunun tələbələri, eləcə də Bakı Təhsil İdarəsi nəzdində tam orta məktəblərin müəllimləri, məktəb psixoloqlara təşkilatçılar tərəfindən tərtib edilmiş sertifikatlar təqdim edilmiş və hər bir iştiraakçıya “Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait” kitabı hədiyyə edilib. Təlim kursunu uğurla bitirən mütəxəssislərin köməyi ilə kitabda əksini tapmış yanaşmalar və metodikalar Bakı və seçilmiş pilot rayonlarda valideyn olmağa hazırlaşan və yeni valideyn olmuş ata və analara çatdırılıb. Həmçinin məktəbəqədər təhsil müəssisələri və ibtidai sinif müəllimləri və tərbiyəçiləri üçün xüsusilə təlimlərin də təşkili nəzərdə tutulub.

İslam ailənin qorunmasına böyük əhəmiyyət verir. Quran təsdiqləyir ki, insan Allahın yaratdığı şərəfli-izzətli varlıqdır. O, Allahın yer üzündəki xəlifəsidir. Bu səbəbdən o öz vəzifəsini icra etmək üçün hazırlaşmalı, təlim görməlidir. Odur ki digər canlılarla müqayisədə insanın uşaqlıq dövrünün daha çox davam etməsi təsadüfi deyildir. “Ailə məktəbi”nin başlanğıc nöqtəsi ər və xanımı arasındakı sağlam münasibətdir. Bu münasibət iş müqaviləsini xatırlatmamalı, öhdəliklərin rəsmi təsdiqinə əsaslanmamalıdır (Halbuki “ailə qanunları” rəsmi nizamlayıcı olmaq baxımından zəruridir).

Dövr dəyişir, fərqli yanaşma və əks-reaksiyalar tələb edən yeni situasiyalar meydana çıxır. Əlbəttə ki, bütün valideynlər uşaqlarının yaxşı olmasına ümid edirlər. Lakin valideynlərin yaşadıqlar dövran və o zaman olan təhdidlər və imkanlar, uşaqların böyüdüyü dövranla çox zaman fərqlənir.

Son 20-30 ildə dünyada baş verən hadisələr, sivil toplumlarda gedən bir sıra ziddiyyətli proseslər ailə institutuna ciddi zərbələr vurmaqdadır və məsuliyyətli valideynliyi və ümumən tərbiyə prosesinə əhəmiyyətli təsir göstərir. Uşaqlarının uğurları ilə valideynlərin öyünmələri üçün indiki tərbiyə işi bacarıq və hazırlıq tələb edir. Xoşbəxtlikdən, indiki dövrdə tərbiyə işinə dair çoxlu üsullar və kifayət qədər informasiya mövcuddur. Düzdür, bu üsullar birmənalı hesab olunmur, amma yaxşı valideyn olmaq da heç vaxt gec deyildir, çünki tərbiyə bütün ömür boyu davam edən prosesdir. Bu məqsədlə məlum problemlərin həlli yolları göstərilib, valideynlərin yol verdikləri səhvlərin azaldılması istiqamətində təkliflər irəli sürülüb. Bütün bunları nəzərə alaraq, uzun illər müasir valideynlik və uşaq tərbiyəsi məsələləri ilə məşğul olan alimlər Hişam ət-Talib, Əbdülhəmid əbu Süleyman və Ömər ət-Talib tərəfindən “Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait” adlı geniş metodik vəsait ərsəyə gətiriblər.

 

 

Pərvanə Fərhadqızı