Məişət zorakılığı cəmiyyətin ən çətin həll olunan problemlərindən biri olaraq qalır. Azərbaycanda isə buna hələ də sosial yüklü və dövlət əhəmiyyətli bir problem kimi yanaşılmır.
ünki cəmiyyət hələ də kişini evin sahibi və arxa-dayağı hesab edir, buna görə də onun partnyoruna qarşı cəza tətbiq etməsi və şiddət törətməsi normal hal kimi qarşılanır. “Kişi döyər də, sevər də” prinsipi ilə yanaşıldığından çox hallarda bu zorakılıqlar otaqdan, evdən bayıra belə çıxmır. Ancaq məişət zorakılığına yalnız qadınlar deyil, kişilər, uşaqlar, hətta yaşlı insanlar da məruz qalırlar.
Mütəxəssislər məişət zorakılıqlarını doğuran səbəbləri araşdrıraraq belə qənaətə gəliblər ki, ailələrdə fiziki, cinsi, psoxoloji və iqtisadi zorakılıqlar mövcuddur. Fiziki zorakılıqlar barədə daha çox daşıldığı üçün belə mənzərə yaranıb ki, ən çox baş verən məhz insanların döyülməsi, xəsarət almasıdır. Ancaq zorakılığın digər növləri heç də az deyil.
Çikaqoda yerləşən “Apna Ghar”da məişət zorakılığından zərər çəkmiş qadınların müdafiəsi üzrə işləyən Lalə Mahmudova bildirib ki, Azərbaycanda qadınlar nikaha daxil olmazdan əvvəl belə ana, ata və qardaşlarının şiddətinə də məruz qalırlar. Evləndikdən sonra isə bu şiddət ər, qayınana və digər nikah münasibətindən yaranmış birinci dərəcəli qohumların şiddəti ilə əvəzlənir.
Şiddət görən ana öz uşaqlarına qarşı da şiddət törətməyə meylli olur
“Tədqiqatlar həm də onu sübut edib ki, şiddət görən ana öz uşaqlarına qarşı da şiddət törətməyə meylli olur, zorakılıq nəticəsində yaranmış aqressiyanı, kini, zorakı şəxsə qarşı göstərməyə gücü olmayan ana bəzi hallarda bu aqressiyanı uşaqlarına qarşı yönəldir.
Əksər hallarda fiziki və psixoloji şiddətin təsirindən ana üçün uşaqlarına vaxt ayırmaq və sevgi göstərməkdə maneələr yaransa da, zorakı əri tərəfindən şiddətlə üzləşən anlarda aktiv olaraq uşağını həmin şiddətdən qoruma və himayə etmə həmin ana üçün ön plana çəkilir”.
Qeyd edək ki, “Məişət zorakılığı haqqında” qanuna əsasən, məişət zorakılığının qarşısının alınması üçün polis və yerli icra orqanlarının qarşısına müəyyən öhdəliklər qoyulub. Qanunun 7.0.1-ci maddəsində göstərilib ki, zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək lazımdır.
L.Mahmudovanin fikrincə, qanunda proses öz əksini tapsa da, icra edilməsi labüd sayılmış aktlar və bu qanundan irəli gələn öhdəliklər həyata keçirilmir: “Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur. Mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt”dır. Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaq və narahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir.
Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində verilməlidir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qətnamə əsasında verilir. Lakin məişət zorakılığı halları çoxluq təşkil etdiyi halda mühafizə orderləri rekord sayda az verilir və bu orderi pozan şəxslərə qarşı cəza və digər qəti imkan tədbirləri görülmür.
Məsələn, 2017-ci il ərzində ölkə üzrə cəmi 7 nəfərə mühafizə orderi verilib. Onlardan 3-ü qısa, 4-ü isə uzunmüddətli olub. Şəxsən işlədiyim və təcrübə keçdiyim üçün məhz ABŞ-ın Ailə Məhkəmə sistemindən misal gətirərək bir müqayisə göstərim ki, əhalisi təxminən Bakının əhali sayı qədər olan (2.7 milyon) ABŞ-ın Çikaqo şəhərinin bir yerli məişət zorakılığı üzrə məhkəməsində 2016-ci il üzrə 1,097 mühafizə orderi verilib. Göründüyü kimi, Azərbaycanda mühafizə orderlərinin verilməsində böyük fəaliyyətsizlik müşahidə olunur. Qanunda məişət zorakılığının profilaktikası və zorakılıq əməli törədənlərin cəzalandırılması qaydaları əks olunsa da, qanunun icrasında və polis, məhkəmə və yerli icra strukturlarının işinin təşkilində çatışmazlıqlar vardır. Belə ki, polis və məhkəmə hakimlərinin məişət zorakılığı haqqında qanunu kobud şəkildə və sistematik olaraq pozduqları faktları davamlı olaraq baş verir”.
Məişət zorakılığı cəmiyyətin və dövlətin ortaq problemidir. Ona görə də onun qarşısının alınmasında cəmiyyət və dövlət vəhdət şəklində çalışmalıdır. L.Mahmudovanın fikrincə, qonşusunda baş verən fiziki zorakılığı polisə xəbər verən qonşu zorakılıq törədən kişinin “öz ailəsidir” deyib keçmək əvəzinə bu işdə məsuliyyət daşımalıdır. Eləcə də dövlət polis orqanlarında məişət zorakılığı hallarına qarşı həssaslığı, peşə hazırlığını artırmalı, digər sosial strukturlu islahatları həyata keçirməlidir.
“Dövlət dəstəyi, qeyri-hökümət təşkilatları, ictimai birliklər və ya şəxsi təşəbbüslər, eləcə də, ianələr hesabına məişət zorakılığı qurbanları üçün müvafiq sayda sığınacaqlar tikilməli və onların işinə nəzarət edən, maddi, texniki və digər dəstək verən sistem qurulmalıdır. Qeyri-hökümət təşkilatları, cəmiyyətin bu işdə aktivlik göstərən fərdləri, məhkəmələr, sığınacaqlar, sosial işçilər, hüquq mühafizə orqanları, psixoloji və hüquqi klinikalar arasında vəhdəti təmin edəcək proqramların yaradılmasında və onların icrasının həyata keçməsində dövlətin yaxından iştirakı və ya bunun üçün münbit şərait yaratması problemin həllinə böyük töhfələr vermiş olardı”.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova da məişət zorakılığı ilə mübarizənin zəif aparıldığını, ortaya yeni səbəblərin çıxdığını bildirib. Zorakılıqların daha çox ailə daxilində baş verdiyini deyib:
“İllərdi bu sahədə çalışırıq, mediada çıxış edirik. Ancaq baxırıq ki, bəzi səbəblər aradan qaldırılmaq əvəzinə onun üzərinə daha bir səbəb gəlir. Bu səbəbləri doğuran faktorlar da müxtəlifdir. Çünki insanların xarakteri, dünyagörüşü, baxışları nə qədər müxtəlifdirsə, davranışları da o qədər fərqlidir. Buna görə də məişət zorakılığının səbəbləri də çox müxtəlifdir. Hər kəs sevinərək oğluna, qızına toy edir, çal-çağır qurur, bir sözlə görüntüsü çox gözəl olan hallar olur. Ancaq toydan sonra həmin ailədə nə baş verirsə, ondan həmin toyda iştirak edən şəxslərin xəbəri olmur. Ailədə baş verən hadisələr zorakılığa gətirib çıxaran ən xırda səbəblərdən başlayır. Heç bir tərəf də bir-birnə güzəştə getmək istəmir. Həmin “diktatorluq” həvəsi ailəni elə bir vəziyyətə gətirib çıxarır ki, söz-söhbətlər, zorakılıqlar başlayır”.
Bir çox hallarda məişət zorakılığı qurbanlarının özlərini qurtarmaq üçün məcburən küçəyə atıldıqlarını deyən N.İsmayılova bunun digər faciələrə yol açdığını vurğulayıb:
“Bizim cəmiyyətdə kişilər çox az hallarda məişət zorakılığının qurbanı olurlar. Küçəyə atılan qadın və uşaq maddi cəhətdən heç bir təminatı yoxdursa, üstəlik fiziki zorakılığa məruz qalıbsa, o evə qayıtmaq istəmir. Qayıtmayanda isə onlar insana alverinin qurbanına çevrilirlər. Zorakılıq qurbanı olan uşaqların əməyinin istismarı baş verir. Eləcə də orqan alverçilərinin qurbanına çevrilirlər, dilənçiliyə məcbur edilirlər. Ona görə də bu istiqamətdə maariflənmə işləri davam etdirilməlidir. Əsasən qadınlar öz hüquqlarını bilməlidirlər. Başa düşməlidir ki, bu gün onlara qarşı tətbiq olunan zorakılıq sabah onların övladları üçün olacaq. Bu mənada cəmiyyətin özü çox həssas olmalıdır. Bir-birimizi qorumalıyıq. Burada ictimai qınaq da böyük rol oynayır. Qonşudan gələn uşaq ağlamaqlarına, qadın bağırtılarına qarşı hamımız həssas olmalıyıq. Küçədə gedərkən də zorakılıqlara rast gəlirik. Buna göz yummaq daha böyük fəsadlara yol açır”.
Fərqanə Allahverdiqızı
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.












