“Keçmiş məhkumların reabilitasiya və reinteqrasiyası” layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.
TCS Peşə Akademiyasının ofisində baş tutan mükafatlandırma mərasimində layihə çərçivəsində kursu bitirmiş 22 şəxsə beynəlxalq sertifikatla təqdim edilib.
Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək – 2" Birgə Proqramının həyata keçirilməsinə “Sağlamlığa Xidmət” İctimai birliyi də cəlb edilmişdir.
Təlimlərdə iştirak edən şəxslər 10 günlük təlim kursundan sonra qaynaqçı və SƏTƏM üzrə peşəyə yiyələniblər.
TCS Akkreditasiya olunmuş öyrənmə xidmətləri təklif edən şirkətdir. Təlimləri keçən şəxslər imtahan verərək, beynəlxalq səviyyədə tanınan sertifikat əldə edirlər. Bu sertifikatlar əsasında onlar istənilən tikinti şirkətində və ya fərdi şəkildə fəaliyyət göstərə bilərlər.
Keçmiş məhkumların reabilitasiya və reinteqrasiyası üçün həm də ilk öncə onlara qarşı mövcud olan stiqma və ayrıseçkilik aradan qaldırılmalıdır. Bu istiqamətdə müvafiq peşəyə yiyələnmiş şəxslərin işlə təmin edilməsi üçün uyğun şirkət və qurumlara müraciətlər ediləcəkdir.
Cəzaçəkmə müəssisələrindən azad olan əksəriyyət şəxslər iş tapa bilmir və cəmiyyətə adaptasiya ola bilmir. Bu layihənin məqsədi keçmiş məhkumların reinteqrasiya və cəmiyyətə adaptasiya olunmasıdır. Layihə azadlığa buraxılan şəxslərə peşə qabiliyyətinin öyrədilməsini hədəfləyir. Bununla onlar öz gələcək həyatlarını qura bilər, özlərini və ailələrini bu sənətlə dolandıra bilərlər.












