Fəlakətdən sonrakı ilk 72 saat ən vacib dövr hesab olunur. Bu müddətdə tibbi ləvazimatların çatdırılması, təcili maliyyə vəsaitinin toplanması və tibb müəssisələrinin fəaliyyətinin bərpası ciddi problemlər yarada bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, “Devex Impact House @ UNGA81” tədbirində “Direct Relief”, “Abbott”, “Baxter” və “BD” şirkətlərinin nümayəndələri özəl sektorun fəlakətlərə hazırlıqda dəyişən rolunu müzakirə ediblər. Şirkətlər artıq yalnız fəlakət baş verdikdən sonra yardım göndərmək əvəzinə, tibbi məhsulları əvvəlcədən hazırlayır, riskli bölgələrdə ehtiyatlar yerləşdirir və tibb müəssisələri üçün alternativ enerji mənbələrinə maliyyə ayırırlar.

“Abbott” şirkəti “Direct Relief” ilə əməkdaşlıq edərək tibbi ləvazimatları fəlakət riski yüksək olan ərazilərdəki klinikalarda əvvəlcədən yerləşdirir. Bu yanaşmanın xüsusilə “Katrina” qasırğasından sonra əhəmiyyət qazandığı bildirilib. Şirkət həmin fəlakət zamanı yolların və tibb müəssisələrinin zədələnməsi səbəbindən yardımın gec çatdırılması ilə üzləşib.

“Baxter” isə 2017-ci ildən humanitar təşkilatlarla əməkdaşlıq edərək ehtiyac duyulan məhsulları əvvəlcədən istehsal edir və ilboyu ehtiyatların saxlanmasına kömək göstərir. Şirkət və “BD” həmçinin böhran zamanı deyil, əvvəlcədən maliyyə dəstəyi ayırırlar.

Müzakirələrdə enerji təminatının da vacibliyi vurğulanıb. Elektrik kəsintiləri soyuducuda saxlanmalı dərmanların itirilməsinə və tibbi avadanlıqların işləməməsinə səbəb ola bilər. Buna görə tərəfdaşlar günəş enerjisi sistemləri, generatorlar, batareyalar və mobil yardım mərkəzlərinə investisiya qoyurlar.

İştirakçılar bildiriblər ki, uzunmüddətli hazırlıq tədbirləri şirkətlərin məhsul və maliyyə dəstəyi ilə yanaşı, texniki biliklərini də əhatə etməlidir. Bu yanaşmanın məqsədi fəlakət baş verdikdən sonra yardım göstərməklə yanaşı, icmaları əvvəlcədən hazırlamaq və gələcəkdə itkiləri azaltmaqdır.