Azərbaycanda icbari tibbi sığorta sisteminin idarəetmə modelində dəyişikliklər müzakirə olunur. Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta sisteminin Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunması vətəndaşlara təqdim olunan sosial xidmətlərin keyfiyyətini yüksəltmək və şəffaflığı artırmaq baxımından əhəmiyyətli addım olardı..

İ.Rizazadə qeyd edib ki, hazırda sistemdə müəyyən xidmətlər mövcuddur, lakin yeni idarəetmə modeli daha geniş imkanlar yaradar və vətəndaşların sosial rifahını artırardı. O vurğulayıb ki, ictimai şura üzvü olaraq vətəndaşların müraciətlərini dinləyir və TƏBİB, İcbari Tibbi Sığorta və səhiyyə sistemi ilə birgə müzakirələrin aparılması və təkliflərin verilməsini təklif  edir lakin buna hələ də nail ola bilmirlər.

O bildirib ki, sistemin DSMF-nin nəzdində idarə olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin koordinasiyasını daha effektiv qura bilər və vətəndaşların sosial təminat və tibbi xidmətlərə çıxışını daha da yaxşılaşdıra bilər.

O əlavə edib ki, yeni idarəetmə modeli vətəndaşların məmnuniyyətini artıra bilər, sosial xidmətlərin çeşidini genişləndirə və xidmət paketlərinin daha əlçatan olmasına şərait yarada bilər.

Zəhra Ağayeva