Azərbaycanda bəzi hallarda uşaqların təhsildən yayınması problemi hələ də aktual olaraq qalır. Xüsusilə regionlarda sosial-iqtisadi çətinliklər, ailə nəzarətinin zəifliyi və erkən əmək fəaliyyəti kimi amillər məktəbdən uzaqlaşmaya səbəb olur.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlama verib.

M.Məmmədlinin sözlərinə görə, bəzi regionlarda hələ də təhsil prosesindən yayınma və erkən yaşda əmək və nikah halları müşahidə olunur: "Çox təəssüf ki, bu gün hələ də bəzi uzaq regionlarda tədrisdən yayınma, erkən yaşda əməyə cəlb olunma kimi hallara rast gəlinir. Hətta bəzi yerlərdə erkən nikah hallarının da mövcudluğu müşahidə olunur. Bu istiqamətdə müəyyən addımlar atılır, erkən nikahın qarşısının alınması üçün tədbirlər görülür, lakin buna baxmayaraq, problemlər tam aradan qalxmayıb".

Ekspert bildirib ki, davamiyyətin artırılması üçün nəzərdə tutulan cərimə mexanizmləri gözlənilən effektiv nəticəni verməyib: "Davamiyyətin zəifləməsinin qarşısını almaq məqsədilə bir müddət əvvəl Milli Məclisdə müzakirə olunmuş qanun layihəsi də xatırlanmalıdır. Həmin layihədə davamiyyəti zəif olan şagirdlərin və valideynlərin cərimələnməsi nəzərdə tutulurdu, lakin bu mexanizm tam şəkildə effektiv nəticə vermədi".

Məzahir Məmmədli vurğulayıb ki, buraxılış imtahanlarının erkən keçirilməsi şagirdlərin məktəbə davamiyyətinə mənfi təsir göstərir: "Davamiyyətin aşağı düşməsinə təsir edən amillərdən biri də buraxılış imtahanlarının tədris ilinin sonuna xeyli əvvəl keçirilməsidir. İmtahanlardan sonra buraxılış sinif şagirdləri üçün məktəbə davamiyyət demək olar ki, sıfıra enir. Onlar artıq imtahanı verdiklərini düşünərək məktəbə gəlməyə ehtiyac görmürlər və motivasiya azalır".

Təhsil eksperti qeyd edib ki, problemin həlli üçün kompleks yanaşma və valideyn məsuliyyətinin artırılması vacibdir: "Buna görə də problemin həlli üçün kompleks tədbirlər planı hazırlanmalıdır. Xüsusilə valideynlərin məsuliyyəti artırılmalı, onların övladlarını erkən yaşda əməyə cəlb etməsinin qarşısı alınmalıdır. Xüsusilə təsərrüfat yönümlü regionlarda bu tendensiya daha çox müşahidə olunur. Bu səbəbdən valideyn məsuliyyətinin gücləndirilməsi və zəruri hallarda cərimə mexanizmlərinin tətbiqi bu problemin həllində əsas vasitələrdən biri ola bilər".

Fatimə Nəbiyeva