İyunun 26-da German Marşall Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatı nın dəstəyi ilə həyata keçirilən “Həssas əhali qruplarına hüquqi yardım xidmətlərinin təşkili və dövlət orqanlarına müraciətlərə baxılmasının monitorinqi” layihəsi çərçivəsində İmişli şəhərində hüquqi yardıma ehtiyacı olan həssas əhali qruplarına daxil olan şəxslərin pulsuz hüquqi yardım qəbulları keçirilib.
Hüquqi yardım qəbullarında II Qarabağ müharibəsinin veteranları, o cümlədən döyüşlərdə xəsarət almış şəxslər, əlilliyi olan şəxslər və aztəminatlı ailələrin nümayəndələri iştirak edib.
Hüquqi yardım qəbullarında hüquq məsləhətləri verilib, ayrı-ayrı hüquq normaları və qaydalar, o cümlədən konkret məsələlər üzrə hara və necə müraciət etmə ilə bağlı izahlar verilib. Bunlarla yanaşı, pozulmuş hüquqların bərpası ilə bağlı müvafiq dövlət orqanlarına və məhkəmələrə ərizə və şikayətlərin hazırlanması üçün hüquqi yardıma müraciət edən şəxslərdən zəruri sənədlər toplanıb.
Hüquqi yardım qəbulları “YARAT” T’hsil və Karyera Mərkəzinin ofisində aparılıb və layihədə iştirak edən vəkillər Əlibaba Rzayev və Hafiz Həsənov tərəfindən aparılıb.
Qeyd edək ki, pulsuz hüquqi yardım qəbulları bir sıra digər bölgələrdə də keçiriləcək.












