Belə şəraitdə yeganə maliyyə mənbəyi dövlət dəstəyidir
QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə bildirib ki, beynəlxalq təcrübə göstərir ki, QHT-lər üçün əsas maliyyə mənbəyi bəzən sahibkarlıq subyektləri, kommersiya qurumlarının dəstəyi, ianələrin yığılması, beynəlxalq donorlardan gələn vəsaitlərdir. Azərbaycanda isə kommersiya qurumlarından gələn vəsait azdır, yox səviyyəsindədir. İanələrin yığılmasında ciddi problemlər var. Eyni zamanda, xarici qrantların qeydiyyatı məsələsində də uzunmüddətdir problemlər var. Belə şəraitdə yeganə maliyyə mənbəyi dövlət dəstəyidir. Xarici donorların vəsait xərcləmək istəmədiyi mövzular var. Yəni, hətta qrantların Azərbaycana açılışına maksimum səviyyədə imkan yaradılsa da, Azərbaycan cəmiyyəti üçün prioritet olan sahələri xarici donorlar kənarda saxlayır. Ona görə də dövlət dəstəyi çox zəruridir.
Bütün QHT-lərə vəsaitin verilməsi də real görünmür
Həmsöhbətimiz qeyd edib ki, ötən dövrdə hər il təxminən 500 QHT-yə dəstək göstərilirdi. İndi isə ən azı 100 QHT-yə böyük həcmli, 150 QHT-yə orta həcmli qrantların verilməsi məqsədəuyğun olar: “Qrantların ayrılması zamanı bir çox meyarlar hazırlanır. Bu meyarlar zamanı təşkilatın imkanları, potensialları, texniki bazası, insan resursları nəzərə alınmalıdır.Ötən dövrdəki fəaliyyəti diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin, mövzunun aktuallığı, layihənin yazılışı, əsaslandırılması və digər göstəricilər nəzərə alınmalıdır qrantlar verilərkən. Eyni zamanda, bizdə qrant almayan müəyyən təşkilatlar var ki, onlar icmalarla işləyirlər, müəyyən ianələr toplayırlar, biznes strukturlarından dəstək yığaraq fəaliyyət göstərirlər.”
QHT-lərin institusional inkişafına dəstək vacibdir
Sonda həmsöhbətimiz əlavə edib ki, hazırda xarici qrantlarının qeydiyyatının daha sadələşdirilməsi, daha əlçatan olması, beynəlxalq təşkilatların ölkəmizə gəlişinə imkan yaradılması, QHT-lərin institusional inkişafına dəstək vacibdir. Bu məsələdə həm resursların artırılması, həm QHT evinin yaradılmasını zəruri hesab edirəm.
Yaqut Ağaşahqızı, “İki sahil”












