ABŞ və Kanadada fəaliyyət göstərən 58 xəstəxana və səhiyyə sisteminin məlumatları əsasında hazırlanan yeni hesabat göstərir ki, ianə toplama kampaniyaları təşkilatlara təkcə maliyyə vəsaiti deyil, həm də institusional inkişaf imkanları qazandırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Twin Point Insights və Səhiyyə Filantropiyası Assosiasiyasının (Association for Healthcare Philanthropy) birgə hazırladığı hesabatda qeyd olunur ki, kampaniyalar təşkilatların idarəetmə potensialını gücləndirməyə, donorlarla əlaqələri inkişaf etdirməyə və tərəfdaşlıq imkanlarını genişləndirməyə kömək edir.

Araşdırmaya görə, respondentlərin 60 faizindən çoxu kampaniya dövründə illik ianə öhdəliklərinin həcmində nəzərəçarpacaq artım müşahidə etdiklərini bildirib. Onların bir qismi artımın 50 faizə qədər, digərləri isə 50 faizdən çox olduğunu qeyd edib.

Hesabat müəllifləri vurğulayırlar ki, uğurlu kampaniyaların həyata keçirilməsi əlavə resurslar tələb edir. Sorğuda iştirak edən təşkilatların 60,3 faizi donorlarla iş üzrə yeni əməkdaşlar işə götürdüyünü, 51,7 faizi isə mövcud əməkdaşların üzərinə əlavə vəzifələr qoyduğunu bildirib.

Yeni donorların cəlb edilməsi də kampaniyaların mühüm nəticələrindən biri kimi göstərilir. Sorğuda iştirak edən təşkilatlardan biri qeyd edib ki, kampaniya zamanı ianə edənlərin 70 faizi ilk dəfə dəstək göstərən şəxslər olub.

Araşdırma həmçinin göstərib ki, təşkilatlar kampaniyalarla əlaqədar daxili siyasət və prosedurlarını yeniləməyə üstünlük verirlər. Respondentlərin əksəriyyəti ianələrin qəbul edilməsi və kampaniya göstəricilərinin hesablanması qaydalarına dəyişiklik etdiklərini bildirib.

Donorların tanınması məsələsi də hesabatda xüsusi yer alıb. Ənənəvi olaraq donorlar üçün əsas təşviq vasitəsi binalara və ya fiziki məkanlara adlarının verilməsi hesab olunsa da, kampaniyaların istiqamətləri genişləndikcə təşəkkür və tanınma formaları da dəyişir. Buna baxmayaraq, respondentlərin böyük əksəriyyəti fiziki məkanların adlandırılmasını hələ də ən təsirli təşəkkür forması kimi qiymətləndirib.

Hesabat müəlliflərinin fikrincə, ianə kampaniyaları yalnız vəsait toplamaq deyil, həm də təşkilatların uzunmüddətli inkişafına xidmət edən strateji alət kimi qiymətləndirilməlidir.

Piranə Xasiyeva