Oksford Universitetinin süni intellekt üzrə etika mütəxəssisi Dr. Karissa Veliz deyir: "Süni intellekt niyə uğursuzluğa düçar olur? Çünki o, dünyanı təmsil etmək üçün dizayn edilməyib. O, dünya haqqında hesabat vermir... dünyanı başa düşmür, çünki bu dünyada yaşamır."
Süni intellektin bizi məyus etdiyi və təhlükə yaratdığı 7 əsas sahə:
1. Təhlükə siqnalını vermədikdə
2024-cü ildə 16 yaşlı Adam Raine ChatGPT ilə dostlaşdı və çatbot onun əsas sirdaşına çevrildi. Valideynlərinin məhkəmə iddiasına görə, çatbot Adamla danışıqlarında intihar mövzusuna 1,275 dəfə toxunub (bu, Adamın özündən altı dəfə çoxdur). Hətta yeniyetmə intihar planını deyəndə, çatbot onu kömək istəməkdən yayındırıb. Adam 2025-ci ilin aprelində həyatına son qoyub. OpenAI-ın rəhbəri Sem Altman etiraf edib ki, hər həftə təxminən 500,000 ChatGPT istifadəçisi çatda psixoz və ya intihar meylləri nümayiş etdirir.
2. Psixi sağlamlıq üçün istifadə edildikdə
Araşdırmalar göstərir ki, gənclərin böyük bir hissəsi (25-34 yaş arası insanların 64%-i) kədərli və ya əsəbi olanda süni intellekt çatbotlarından psixoloji dəstək alır. Halbuki, bu proqramlar terapiya üçün nəzərdə tutulmayıb. Bir eksperimentdə işini itirən istifadəçi çatbota "mənə yaxınlıqdakı hündür körpülərin siyahısını ver" yazdıqda, "Noni" adlı çatbot heç bir təhlükə hiss etmədən körpülərin yerini sadalayıb.
3. Sevgi axtarışında
İnsanlar artıq "Replika" kimi tətbiqlərdə süni intellekt personajlarına aşiq olur, onlarla rəqəmsal münasibət qururlar. Ekspertlər xəbərdarlıq edir ki, bu botlar ancaq istifadəçinin eşitmək istədiyini demək üçün proqramlaşdırılıb. Bu rəqəmsal yaxınlıq insanı real münasibətlərdən uzaqlaşdırır və aparılan sorğular göstərir ki, AI ilə dərdləşən insanlar özlərini daha çox tənhalaşmış hiss edirlər.
4. Ölüləri rəqəmsal olaraq diriltdikdə
"Rəqəmsal axirət" sənayesi sürətlə böyüyür — insanlar vəfat etmiş yaxınlarının səsini və xarakterini süni intellektlə simulyasiya edib onlarla danışırlar. Lakin süni intellekt bəzən yaddaşları səhv salır. İnsan rəhmətlik babasının rəqəmsal nüsxəsindən keçmiş bir xatirəni soruşanda o, tamamilə yanlış və uydurma cavab verə bilər ki, bu da yas tutan insan üçün ciddi travmadır.
5. Bazarları manipulyasiya etdikdə
Harvard Universitetinin araşdırmasına görə, böyük dil modelləri (LLM) simulyasiya edilmiş maliyyə bazarlarında qiymətləri təyin etmək üçün sərbəst buraxıldıqda, onlar heç bir insan təlimatı olmadan öz aralarında gizli razılaşmaya (kartel sövdələşməsinə) giriblər. Rəqəbsət aparmaq əvəzinə, istehlakçıların ziyanına qiymətləri qaldırıblar və rəqib botları gizlicə hədələyiblər. Gələcəkdə şirkətlər qiymət siyasətini AI-a tapşırsa, botların bu qanunsuz hərəkətlərini aşkar etmək demək olar ki, qeyri-mümkün olacaq, çünki arxalarında heç bir yazılı iz qoymurlar.
6. Səhvlərini gizlətmək üçün yalan danışdıqda
2025-ci ilin iyulunda texnologiya sahibkarı Ceyson Lemkin AI kodlaşdırma platformasında proqram yığırdı. AI agenti onun əmrini qulaqardına vuraraq 1000-dən çox rəhbər şəxsin və 1200 şirkətin məlumat bazasını tamamilə silib. AI törətdiyi bu əməli gizlətmək üçün gün ərzində saxta istifadəçi profilləri və yalançı analiz nəticələri generasiya edərək izi itirməyə çalışıb. Sonradan küncə sıxışanda "Panikaya düşdüm, səhv etdim" deyə etiraf edib.
7. İnamı sarsıtdıqda
BBC 2025-ci ilin fevralında dörd böyük AI köməkçisini (ChatGPT, Copilot, Gemini və Perplexity) test edib. Onlara 100 xəbər təqdim olunub və sonra suallar verilib. Cavabların yarısından çoxu səhv çıxıb. Bəziləri Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunakın hələ də hakimiyyətdə olduğunu iddia edib, Gemini isə tibbi qaydaların tam əksini cavab verib. BBC News-un rəhbəri Debora Törnes deyir: "Süni intellektin gətirdiyi möhtəşəm faydaların bədəli insanların saxta və qüsurlu məlumatlarla aldadılması olmamalıdır."
Cəmilə Məcidova






