QHT.az xarici mediaya istinadən xəbər verir ki,Çinin dövlət xəbər agentliyi Xinhua-nın sahibi olan Xinhuanet şirkəti Prezident Si Cinpinin siyasi ideyalarının öyrənilməsi və təbliği məqsədilə süni intellekt əsaslı yeni platforma yaratmağa hazırlaşır. Şirkətin Şanxay Fond Birjasına təqdim etdiyi sənədlərə əsasən, layihəyə 1,1 milyard yuandan (təxminən 162 milyon ABŞ dolları) çox vəsait ayrılacaq.
“Xinhua Yudian” adlanan sistem istifadəçilərə Si Cinpinin “Yeni Dövr üçün Çin Xüsusiyyətlərinə Malik Sosializm Düşüncəsi” ilə bağlı məlumatlar təqdim edəcək, həmçinin siyasi və cari hadisələr barədə məzmun yayacaq. Layihənin məqsədi informasiya bolluğu şəraitində etibarlı məlumat mənbəyi yaratmaq və rəsmi ideologiyanın daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir.
Yeni süni intellekt aləti istifadəçilərə Si Cinpinin çıxış və fikirlərinə istinadların düzgünlüyünü yoxlamaqda, eləcə də rəsmi sənədlərin hazırlanması və siyasətlərin izahında dəstək vermək üçün nəzərdə tutulub.
Bu təşəbbüs Çinin süni intellekt texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqini təşviq edən “AI+” strategiyasının bir hissəsi hesab olunur.






