Afrikanın inkişafı üçün yerli maliyyə resurslarının daha fəal səfərbər olunması istiqamətində müzakirələr sürətləndiyi bir vaxtda, Afrika Ticarət və İnvestisiya İnkişafı Sığorta Agentliyi (ATI) qitənin maliyyə arxitekturasında mühüm rol oynayan qurumlardan biri kimi ön plana çıxır.
QHT.az xarici mediaya istinadən bildirir ki, iyirmi ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, son həftələrdə ATI-yə maraq əhəmiyyətli dərəcədə artıb. Keniya Prezidenti Uilyam Ruto təşkilatın kapitalının artırılmasına çağırış edib, Fransa Prezidenti Emmanuel Makron isə qurumun fəaliyyətinin genişləndirilməsi planlarına dəstək verdiyini bildirib.
Afrika İnkişaf Bankının (AfDB) yeni prezidenti Sidi Uld Tah da ATI-ni Afrikanın İnkişafı üçün Yeni Maliyyə Arxitekturası (NAFAD) təşəbbüsünün əsas sütunlarından biri kimi qiymətləndirib. Təşəbbüsün məqsədi Afrika ölkələrinin inkişaf layihələrinin maliyyələşdirilməsində qitədaxili kapitalın rolunu artırmaqdır.
Afrika İnkişaf Bankı bu dəstəyi yalnız bəyanatlarla məhdudlaşdırmayıb. Bank yaxın zamanda Nayrobi şəhərində yerləşən ATI-dəki payını 14 faizə yüksəldərək təşkilatın ən böyük səhmdarına çevrilib.
Ekspertlərin fikrincə, ATI kimi maliyyə institutlarının gücləndirilməsi Afrika ölkələrinin xarici maliyyə mənbələrindən asılılığını azaltmağa, investisiya risklərini aşağı salmağa və qitənin iqtisadi inkişafını sürətləndirməyə kömək edə bilər.
Mütəxəssislər həmçinin inkişaf maliyyələşdirilməsi sahəsində mövcud olan və "trilyon dollarlıq tıxac" adlandırılan problemlərin həlli üçün yeni maliyyə mexanizmlərinə ehtiyac olduğunu vurğulayırlar.
Piranə Xasiyeva






