“Gənclər günü münasibəti ilə ölkəmizdə geniş miqyaslı tədbirlər həyata keçirilir. Gənclər təşkilatları, Gənclər və İdman idarələri gənclər arasında müsabiqələr təşkil edir, forumlar və görüşlər keçirir. Gənclərlə bir başa fəaliyyət göstərən ictimai təşkilatlar könüllü gənclərlə ölkənin sosial-ictimai həyatı üçün vacib olan işləri yerinə yetirir ki, bu tədbirlərin əhəmiyyəti də ondadır ki, gənclərin gələcək fəaliyyəti üçün stimul verir”.

Bu fikriləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev Gənclər Günü Azərbaycanda qeyd olunan tədbirlər, onların əhəmiyyəti haqqında QHT.az- a danışıb. Onun sözlərinə görə, təşkilatın əsas məqsədlərindən biri Birliyin Nizamnaməsində qeyd olunan gənclərin iqtisadi maarifləndirilməsidir: “Birliyin uzun müddətli strateji planında hər iki ildən bir gənclərin istər hüquqi  və istərsə də sosial-iqtisadi sahələrdə bilik və bacarıqlarının artırılması məqsədi ilə layihələr və tədbirlər həyata keçirilir. Bu layihələrdən biri də 2023-cü ildə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Gənclərin məşğulluq bacarıqlarının artırılması” layihəsidir. Təsadüfi deyil ki, təşkilatımız Şəki Gənclər və İdman İdarəsinin iki il ard-arda “Şəki gəncliyinin dostu” diplomuna layiq görülmüşdür. Qeyd edim ki, Birliyin nəzdində “Gənclərlə iş şöbəsi” fəaliyyət göstərir ki, burada mütəmadi olaraq görüşlər keçirilir, gəncləri maraqlandıran məsələlər müzakirə olunur, sualları ekspertlərimiz tərəfindən cavablandırılır. Onlara təşkilati-hüquqi və sosial-iqtisadə sahələrdə daim dəstək göstərilir. Gənclər günü bizim təşkilatımızda da geniş qeyd olunur. Həmin gün, gənclərin iştirakı ilə yığıncaq keçirir, görülən işlər müzakirə olunur, aktiv gənclər sertifikatlarla mükafatlandırılır və növbəti fəaliyyət ili üçün planlar hazırlanır”.

Hər il Gənclər gününü təşkilat bayram kimi qeyd edir. QHT sədri bu münasibətlə həm öz, həm də işçi qrupları adından Azərbaycan gəncliyini ürəkdən təbrik edib, onlara ölkəmizin iqtisadi inkişafı istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.   

  

 

Pərvanə Fərhadqızı