Ermənistan tərəfindən hava və suyun çirkləndirilməsi nəticəsində milyonlarla insanın həyatı və ətraf mühit təhlükədədir. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə və BMT-yə müraciət ünvanlayıblar.

QHT. az  bildirir ki,  SİA sözügedən məsələ ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

 

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva deyib: "Bu gün bir qrup vətəndaş cəmiyyəti fəalı ilə birgə BMT və bir sıra beynəlxalq qurumlara təcili müraciət ünvanlamışıq. Müraicətdə qeyd edilib ki, milyonlarla insanın həyatı və ətraf mühit təhlükə altındadır. Çünki burada Ermənistan Respublikasının uzun illərdir davam etdirdiyi ekoloji terrorlar son zamanlarda daha da intensivləşib. Biz də sübutlar və əsaslandırılmış faktlar əsasında Ermənistanın törətdiyi ekoloji cinayətləri beynəlxalq ictimaiyyətə, dünya birliyinə çatdırmaq qərarına gəldik. Bu məqsədlə həmin təcili müraciəti beynəlxalq qurumlara ünvanladıq. Beynəlxalq qurumlar öz növbəsində öz səlahiyyət və mandatlarından istifadə edərək bu məsələyə müdaxilə edib adekvat reaksiya verə bilərlər, hətta texniki baxışlar üçün missiya təşkil edə bilərlər.

Biz müraciətimizdə qeyd edirik ki, burada BMT konvensiyalarının kobud şəkildə pozulmasından söhbət gedir. Məsələn, transsərhəd çaylar, ətraf mühitin qiymətləndirilməsi üzrə 1991-ci il ESPO konvensiyası – bu konvensiyaya həm Azərbaycan, həm də Ermənistan tərəfi imza atıb və burada qeyd edilir ki, ekoloji məsələlər milli sərhədləri aşır və ətraf mühitə təsir edə biləcək hər hansı bir hadisə baş verdikdə bu, mütləq hər iki tərəfin beynəlxalq danışıqlar aparması və razılaşdırılması ilə aparılmalıdır. Azərbaycan tərəfinin razılığı olmadan Ermənistan həm sərhəddə iri metallurgiya zavodu tikir, həm də transsərhəd mövqedə ölkəmizdən də keçən, o cümlədən, digər ölkələr – İrandan da keçən çayları çirkləndirir. Uzun illərdir Araz çayının çirklənməsi baş verir və bu istiqamətdə biz transsərhəd çaylar haqqında konvensiyanı əsas götürürük. Bütün bu hallarda konvensiyanın tələbləri isə pozulur. Biz müraciətimizdə 12 fakt qeyd etmişik ki, 12 fakt üzrə müxtəlif mədən sənayesi müəssisələri, kombinatlar, ağır metal tullantıları həm içməli su ehtiyatlarına buraxılır, həm də təsərrüfatda istifadə edilə biləcək Araz çayı çirkləndirilir. Eyni zamanda, atmosferin çirklənməsi, torpaq ekosisteminin məhvi, canlılar aləminin məhv edilməsi baş verir. Məsələn Qafqaz eko-regionunda nəsli tükənməkdə olan bəbirin buradakı Amuldağ qızıl yatağının istismarı nəticəsində həyatı risk altındadır. Bu, o cümlədən, akvatik canlılar aləmi – çaylarda, göllərdə yaşayan canlıların məhvi deməkdir. Biz ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları olaraq bu hadisəyə həssaslıqla yanaşırıq, bu qədər canlının məhv edilməsi, insanların sağlamlığına təsir göstərə biləcək bu məsələlərin baş verməsi, həmin ağır metal tullantıları ilə, sionidlə çirkləndirilmiş çaylardan istifadə edən şəxslərdə ictimai səhiyyə üzrə infeksion xəstəliklər, ürək-qan-damar xəstəlikləri, onkoloji xəstəliklərin ciddi şəkildə inkişaf etməsinə və bu inanların ölümünə gətirib çıxarır. Sübutlar və faktlar bölməsinə 12 fakt qeyd etmişik. O cümlədən, bilirik ki, Ermənistanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarını da bu dağ-mədən sənayesində aparılan işlər narahat edir. Burada heç bir hesabatlılıq, şəffaflıq gözlənilmədən mədən sənayesi işləri aparılır. Biz BMT-dən və bir sıra beynəlxalq qurumlardan da səsini ucaltmağı və adekvat reaksiya verməsini tələb edirik".

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov sorğumuza cavabında bildirib: "Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərində bərpası uzun illər tələb edən və bərpası mümkün olmayan ekoloji zərər vurub. Flora və fauna məhv edilib, 460 növə yaxın yabanı bitki növlərinin əksəriyyəti, o cümlədən nadir bitki növləri, nadir çinar meşələri məhv edilib. O meşələrdə yaşayan bütün fauna növləri də ya məhv olub, ya da başqa ərazilərə getmək məcburiyyətində olub. Ərazilərdə yanğınlar törədilib və bütün sürünənlər, gəmiricilər, həşəratlar, quşlar məhv edilib. Ermənilərin vəhşicəsinə istismarı nəticəsində mədən hasilatına ciddi zərər verilib, su mənbələri çirkləndirilib. İndi də Ermənistan öz ərazisindən Azərbaycan ərazisini çirkləndirir, transsərhəd, ekoloji təsirlərə məruz qoyur. Bununla bağlı Azərbaycanın qeyri-hökümət təşkilatları Ermənistanın Baş Naziri Nikol Paşinyana da müraciət etmişdi, lakin onların metalluqlar və mədənçilər adındakı bir qurumu ironik cavab vermişdi. Azərbaycanda mövcud olan və olmayan vətəndaş cəmiyyətinin nümayəndələri Paşinyana müraciət edib və orada göstərmişdilər ki, guya Ermənistan şəffaf ölkədir və onlar mədən hasilatında şəffaflıq təşəbbüsünə qoşulublar və Azərbaycan orada yoxdur. Halbuki Azərbaycan bu təşəbbüsün əsasını qoyan dövlətlərdən olub, 2017-ci illərdə fəal üzv olub və hazırda da təşəbbüsün prinsipləri Azərbaycanda davam etdirilir. Özü də bu məsələnin problemlə əlaqəsi yoxdur, çünki söhbət ekoloji təsirlərdən gedir. ESPO konvensiyasının tələblərinin – hansı ki, transsərhəd kontekstdə ekoloji təsirlərin qiymətləndirilməsi barədə BMT-nin konvensiyası vardır. Bu konvensiyanın tələbləri isə Ermənistan tərəfindən kobud şəkildə pozulub.

 

Ermənistan qonşu dövlətlərə - Azərbaycana vurduğu mənfi ekoloji təsirlərə görə cavabdehlik daşımalıdır, buna görə belə hadisələr zamanı Azərbaycanı xəbərdar etməlidir, məsləhətləşmələr aparmalıdır, ekoloji təsirləri minimuma endirməlidir, razılaşmalara getməlidir. Ermənistan tərəfi isə bunların heç birini etmir. Həm maye, həm qaz, həm də bərk tullantı şəklində Azərbaycanı çirkləndirməkdə davam edir. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyəti bu dəfə də beynəlxalq təşkilatlara müraciət edib, orada faktlar sadalanıb. Hesab edirəm ki, bu istiqamətdə həm hökümət həm də vətəndaş cəmiyyətləri ayrı-ayrılıqda səylərini davam etdirməlidir. Bizim konvensiyanın 15-ci maddəsinə görə beynəlxalq ədalət məhkəməsinə şikayət hüququmuz var. Dövlət bu hüquqdan istifadə etməlidir, vətəndaş cəmiyyəti də bu məsələni öz növbəsində fəal şəkildə - həm məlumatlandırıcı, həm bəyanatlar şəklində, həm də hesabatlar şəklində diqqətə çatdırmalıdır. Mənim təmsil etdiyim təşkilatın bir neçə hesabatlarının bəziləri BMT-nin veb-səhifəsində yerləşdirilib. Biz də bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

 

"Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev deyib: "Ermənistan ekoloji norma və prinsilərə uyğun olmayaraq həyata keçirtdiyi dağ-mədən sənayesi işləri ilə BMT-in bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” üzrə 15-ci məqsədlərinin əleyhinə çıxır, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur.

 

Biz Azərbaycan Respublikasında fəaliyyət göstərən 29 Qeyri-Hökumət Təşkilatı sübutlar və əsaslandırılmış faktlarla Birləşmiş Millətlər Təşkilatın müxtəlif qurumlarına, Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Avropa Ətraf Mühit Agentliyi, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF), “Friends of Earth” təşkilatı, İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI), “Greenpeace” təşkilatı və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan və Yer Kürəsinin ekosisteminə qlobal və regional səviyyədə əhəmiyyətli dərəcədə təsir göstərən ekoloji fəlakətə təxirə salınmadan təcili diqqət yetirmələrini bildirmişik.

 

Bildiyimiz kimi Ermənistanın dağ-mədən sənayesində müəssisələrin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Zərərli tullantı sularının Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün istifadə edən təsərrüfatlara, eyni zamanda içməli su ehtiyatlarına ciddi təhlükə yaradır. Belə ekoloji təsirlər birbaşa regionda insanların sağlamlığına və onların ciddi xəstəliklərə yoluxmasına, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla çirklənməsinə, mal-qaranın və əkinin məhvinə gətirib çıxardır.

 

Məlumdur ki, Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır. Görünür ki, Ermənistan aldığı maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlər üçün istifadə edir.

İnanırıq ki, Birləşmiş Millətlər Təşkilatı və müraciəti ünvanladığımız digər beynəlxalq qurumlar Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağıracaq və bu ölkənin regionda yaratdığı ekoloji problemlərin həllində dəstək olmağa səy göstərəcəklər".