Alimlər iqlim dəyişikliyinin dünya üzrə yağıntı normasını dəyişdiyini bildirir. Bu dəyişiklik, xüsusilə tayfunlar və digər tropik tufanların güclənməsinə səbəb ola bilər.
QHT.az xəbər verir ki, bu həftə Tayvan, Filippin və Çin ilin ən güclü qasırğasına məruz qaldı. Küləyin sürəti 227 km/saata çatdı, nəticədə məktəblər, müəssisələr və maliyyə bazarları bağlandı. Çinin şərq sahillərində yüz minlərlə insan təxliyə edildi. Alimlər tropik fırtınaların güclənməsini temperaturun yüksəlməsi nəticəsində yaranan ekstremal hava fenomeninin bir hissəsi kimi görürlər. Çin Elmlər Akademiyasının Zhang Wenxia başçılıq etdiyi tədqiqatçılar, tarixi meteoroloji məlumatları araşdıraraq, yer kürəsinin təxminən 75%-nin "yağışların dəyişkənliyi"ndə artım yaşadığını müəyyən ediblər. İstiləşmə atmosferdə daha çox nəm saxlanmasına və yağıntılarda daha çox dalğalanmalara səbəb olur.
Yeni Cənubi Uels Universitetinin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzindən Stiven Şervud bildirib ki, bu dəyişkənlik Avstraliya da daxil olmaqla əksər yerlərdə artıb və quraqlıq və ya daşqınların ehtimalını artırır. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi tropik fırtınaların davranışını dəyişdirərək onları daha az, lakin daha güclü edir. Sakit okeanın şimal-qərbində və Cənubi Çin dənizində 1990-cı illərdən bəri tayfunların sayı azalsa da, gücü artıb. Tayvan da iqlim dəyişikliyinin bölgədəki tayfunların sayını azaldacağını, lakin şiddətini artıracağını bildirib.
Pərvanə Fərhadqızı












