Dünya Bankı Qrupu hesabatlılıq sistemini sadələşdirmək məqsədilə üç əsas şikayət mexanizmini vahid qurum altında birləşdirmək qərarı verib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dünya Bankının Direktorlar Şurası bir illik araşdırmadan sonra yeni müstəqil hesabatlılıq mexanizminin yaradılmasını təsdiqləyib. Yeni qurum birbaşa Şuraya hesabat verəcək və vətəndaşlar üçün müraciət prosesini daha aydın etməyi hədəfləyir.
Hazırda dövlət sektoru layihələri üzrə şikayətlər İnspeksiya Paneli və Mübahisələrin Həlli Xidməti, özəl sektor layihələri üzrə müraciətlər isə Uyğunluq Məsləhətçisi Ombudsmanı (CAO) tərəfindən araşdırılır. Yeni sistem bu üç qurumu vahid mexanizmdə birləşdirəcək.
Dünya Bankı bu addımın şəffaflığı və səmərəliliyi artıracağını bildirsə də, bəzi ekspertlər fərqli funksiyalara malik qurumların birləşdirilməsinin müstəqilliyə təsiri ilə bağlı narahatlıqlarını ifadə edirlər.












