2026-cı il iyunun 11-də QHT Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib.
 

QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr aqrar sahənin inkişafında tam yeni mərhələ yaradır. R.Nəbiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına dair konkret hədəfləri olan, dövlət və özəl sektorun imkanlarını vahid platformada birləşdirən yeni Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqları ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


O, bildirib ki, aqrar profilli QHT-lər də ideya və təklifləri, bu prosesdə fəal iştirak etməli, dərinləşdirilən islahatlara layiqli töhfə verməlidir. QHT Agentliyinin Müşahidə Şurasının üzvü onu da açıqlayıb ki, aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq.