ABŞ Dövlət Departamenti xarici yardım proqramlarında yaranan kadr çatışmazlığını aradan qaldırmaq üçün yeni işə qəbulları davam etdirir. Son həftələrdə qlobal səhiyyə, xarici yardım və humanitar yardım sahələri üzrə onlarla vakansiya elan olunub.

QHT.az xarici mediaya istinadən bildirir ki, ekspertlər bu addımı müsbət qiymətləndirirlər. Modernizing Foreign Assistance Network təşkilatının icraçı direktoru Tod Preston bildirib ki, görülən işlər problemin həllinə yönəlib və proqramların icrası üçün potensialın artırılmasına xidmət edir.

Bu proses USAID-in fəaliyyətinin kəskin şəkildə azalmasından sonra başlayıb. Bir vaxtlar 10 mindən çox əməkdaşı olan agentliyin əməkdaşlarından yalnız təxminən 600 nəfərinin Dövlət Departamentinə keçirilməsi nəzərdə tutulmuşdu.

Eyni zamanda, Dövlət Departamentində də ixtisarlar aparılıb və 1300-dən çox əməkdaş işdən çıxarılıb. Hazırda qurumun Fəlakət və Humanitar Cavab Bürosunda cəmi 200 nəfər çalışır. Bu göstərici əvvəllər USAID-də eyni sahədə çalışan 1000 əməkdaşla müqayisədə xeyli azdır.

Ekspertlər hesab edirlər ki, yeni işə qəbullar ABŞ-nin beynəlxalq yardım proqramlarının həyata keçirilməsi üçün vacib addımdır.