İbrahim Şahmərdanov adına Qəcrəş kənd tam orta məktəbində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənildi.
Tədbiri giriş sözü ilə Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı: Gülər Abdullayeva açaraq pedaqoji kollektivi təbrik etdi, şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışdı, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzuladı. Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verdiyini vurğuladı.
Uşaq Birliyi Təşkilatı Rəhbəri İlhamə Rüstəmova çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev bütün sahələrə diqqət və qayğı göstərirdi, amma onun üçün ən əsas xalqın ovqatı idi. Xalqın əhvali-ruhiyyəsini yaxşılaşdırmaq üçün bayramların keçirilməsinə xüsusi diqqət göstərirdi. İlhamə xanım məktəbdə həmişə xoş əhvali-ruhiyyənin daimi olmasını arzuladı və vurğuladı.
5 oktyabr Müəllim günü münasibətilə tədbir şagirdlərin rəngarəng çıxışlarıı ilə davam etdi. Tədbirin aparıcısı Aynur Dadaşova sonda Əməkdar müəllim Esmira Rəhimovaya söz verdi. O öz cıxışında müəllim kimdir deyərək, sözünü davam etdi ki, Müəllim ona görə uca tutulub şərəfli hesab olunub əzizlənir ki, o öyrəncilərə nəsə öyrədir. Müəllimsiz öyrənənlər də, məktəbə getmədən uğur qazananlar da, xoşbəxt olanlar da var:
"Müəllim ona görə böyük şəxsiyyətdir ki, o öz biliyini, sevgisini, həyatını əvəzsiz, təmənnasız olaraq başqaları ilə, balaca fidanlarla, dəcəl gənclərlə bölüşməyi bacarır. Hər birimizin həyatında müəllimlərimizin bir zərrəsi, nişanəsi, sözü, bilgisi, xatirəsi var. Biz bunu bilsək də, bilməsək də, etiraf və ya inkar etsək də o bizim ruhumuzda, həyat tərzimizdə, millət anlayışımızda, insanlıq baxışımızda yaşayır. Müəllim gününüz mübarək, əziz MÜƏLLİMLƏR və şagirdlər!"












