Britaniyanın lüks avtomobil istehsalçısı Bentley ilk tam elektrikli modeli olan Torcal SUV-ni təqdim edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, avtomobil şirkətin 1946-cı ildən fəaliyyət göstərdiyi Crewe zavodunda yeni istehsal xəttində hazırlanacaq. Bentley bu layihəyə 350 milyon funt sterlinq sərmayə qoyacaq. Britaniyanın ticarət naziri Conatan Reynolds investisiyanın Crewe şəhərində 4 min yüksək ixtisaslı iş yerini dəstəkləyəcəyini bildirib.
Torcal 113 kVt/saatlıq batareya ilə təchiz olunub və 600 kilometrədək məsafə qət edə bilir. 400 kVt gücündə şarj cihazı ilə batareyanı 10%-dən 80%-ə 20 dəqiqədən az müddətdə doldurmaq mümkündür.
Şirkətin məlumatına görə, Torcal S 260 km/saat maksimal sürətə çata və 0-dan 96 km/saata 2,8 saniyəyə sürətlənə bilir. Standart Torcal modeli isə 250 km/saat maksimal sürət və 3,3 saniyəlik sürətlənmə göstəricisinə malikdir.
Bentley-nin baş direktoru Frank-Steffen Walliser Torcal-ı şirkətin ən uğurlu modellərindən biri adlandıraraq, avtomobilin lüks və elektrik texnologiyasını birləşdirdiyini bildirib.
Yeni istehsal xətti 1938-ci ildə inşa edilmiş zavod binasında yaradılıb. Müəssisənin 700-dən çox təchizatçısı olduğu, onlardan 82-nin Crewe-dən 80 kilometr məsafədə yerləşdiyi açıqlanıb.
Britaniya hökuməti elektrikli avtomobillərə keçidi dəstəkləmək üçün 7,5 milyard funt sterlinq sərmayə qoyacağını və 2030-cu ildən yeni benzin və dizel avtomobillərinin istehsalını mərhələli şəkildə dayandırmağı planlaşdırdığını bildirib.
Zəhra Mansırova












