“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib ki, bu il Azərbaycanda Müzəffər Azərbaycan ordusunun rəşadətli Zəfərinin beşinci ildönümü qeyd olunur, İctimai Birlik bu əlamətdar hadisəyə iki xüsusi töhfə hazırlayıb.
QHT sədrinin sözlərinə görə, bunlardan biri – dərs vəsaiti olan “Nəğmələrdə yaşayan ömür” not kitabı artıq nəşr edilib, ikinci töhfə isə dərs vəsaiti olan bəstəkarın Zəfərimizi və Zəfərin memarını vəsf edən mahnı və marşlardan ibarət topludur:
"Toplu “Ana məktubu” adlanır və burada bəstəkarın əsərləri nəfəsli alətlər orkestri və xalq çalğı alətləri ansamblı üçün partituralaşdırılmış, əsərlərin mətni və mövzunun şərhi də yer alıb. Toplunun ön sözünündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev mövzunun musiqi baxımından akademik təhlilini aparıb. Son sözdə isə Pedaqoji elmlər doktoruru, pofessor, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü Fərahim Sadıqov toplunu fəlsəfi yöndən təhlil edib. Topluya daxil edilmiş beş əsər bunlardır: “Zəngəzurum”, “Azərbaycan ordusu”, “Ana məktubu”, Yeni Azərbaycan Partiyasına həsr edilmiş “Yeniləşən Azərbaycan”, Milli Dirçəliş gününə həsr edilmiş “Tələb eylə”.
Toplu dərc edildikdən sonra dərs vəsaiti kimi istifadə olunacaq və musiqi kollektivlərinə, musiqi ocaqlarına hədiyyə ediləcək".
Adil Nəsibov həmçinin bildirib ki, İctimai Birlik gələn il Azərbaycanda bir neçə əlamətdar hadisəyə də töhfə verməyə hazırlaşır. Bunlar arasında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum boru xəttinin istismara verilməsinin 20 illiyi, həmçinin Bakı şəhərinin 2026-cı il üçün Avropa İdman Paytaxtı seçilməsi yer alır.
O qeyd edib ki, Azərbaycan nefti həm ölkə, həm də dünya tarixində mühüm rol oynayıb. Bəhram Nəsibov isə yaradıcılığında bu il 80 illiyi qeyd olunan və qələbəylə nəticələnməsində Azərbaycan neftinin müstəsna yeri olan Böyük Vətən müharibəsini, həm də neft sənayesini və idman sahəsini vəsf edən əsərlər bəstələyib:
"İctimai Birlik bu əsərlərdən ibarət layihələri Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinə təqdim edib və həmçinin gələn il yubileyləri qeyd olunacaq Azərbaycan ədəbiyyatının görkəmli şairlərinin sözlərinə bəstəkarın əsərlərindən ibarət konsert proqramı hazırlayır. Bu təşəbbüslər Azərbaycan musiqi mədəniyyətinin inkişafına və tarixi əlamətdar hadisələrin təbliğinə xidmət edir".
Pərvanə Fərhadqızı












