2026-cı il oktyabrın 5-də Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması (AZMP) Bakıda, “Holiday Inn Baku” hotelində illik Ümumi Yığıncağını keçirib. Tədbirdə Platformaya üzv təşkilatların nümayəndələri bir araya gələrək qurumun inkişafını, institusional prioritetlərini və gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Yığıncağı Azərbaycan Milli Platformasının ölkə üzrə koordinatoru Səbinə Ələkbərova açıb. O, 2026–2028-ci illəri əhatə edən yeni koordinasiya dövrünü təqdim edib, yeni seçilmiş İdarə Heyətini iştirakçılara tanıdıb. Səbinə Ələkbərova üzv təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, Platformanın institusional potensialının artırılması və Avropa tərəfdaşları ilə əlaqələrin genişləndirilməsi istiqamətində baxışlarını bölüşüb.
Yığıncağın proqramına aşağıdakı mövzular üzrə təqdimatlar və müzakirələr daxil edilib:
- Vüsalə Hüseynli – “Azərbaycan Milli Platforması bu gün hansı mövqedədir?” 2025-ci ildə aparılmış institusional qiymətləndirmənin nəticələri, cari fəaliyyətlər, mövcud imkanlar və çağırışlar barədə ümumi məlumat təqdim olunub.
- Ziya Quliyev, 1-ci İşçi Qrupunun koordinatoru – “AZMP üzvlərinin prioritetləri və İşçi Qruplarının rolu”. Üzv təşkilatların əsas prioritetləri və İşçi Qruplarının Platformanın fəaliyyətindəki rolu müzakirə edilib.
- Şəhla İsmayıl, Zaur İbrahimli (5-ci İşçi Qrupunun koordinatoru) və Səbinə Ələkbərova – “Azərbaycan Milli Platformasının institusional inkişafı”. Platformanın yenilənmiş institusional sənədləri təqdim olunaraq müzakirəyə çıxarılıb.
- Sabit Bağırov və Elçin Sultanov (3-cü İşçi Qrupunun koordinatoru) – “Etika üzrə müşavirin seçilməsi”. Etika üzrə müşavirin seçilməsi məsələsi müzakirə olunub.
- Əliməmməd Nuriyev – “Qiymətləndirmədən fəaliyyətə: Azərbaycan Milli Platforması üçün praktiki prioritetlər”. Maliyyələşmə imkanları, institusional dayanıqlılıq, tərəfdaşlıq əlaqələri və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
- İlqar Hüseynli, 2-ci İşçi Qrupunun koordinatoru – “Azərbaycan Milli Platformasının beynəlxalq fəaliyyəti və 2026-cı il Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammiti”. Kişinyovda keçiriləcək növbəti Sammitə hazırlıq işləri barədə təqdimat edilib.
Ümumi Yığıncaq, həmçinin üzv təşkilatların öz fikirlərini bölüşməsi, ortaq problemləri müzakirə etməsi və daha sıx əməkdaşlıq imkanlarını müəyyənləşdirməsi baxımından mühüm platforma rolunu oynayıb.
Yekun çıxışında Səbinə Ələkbərova Platformanın müəyyənləşdirilmiş prioritetlərinin konkret fəaliyyətlərə çevrilməsinin, İşçi Qrupları arasında kommunikasiyanın gücləndirilməsinin və üzv təşkilatların milli və regional səviyyədə aparılan müzakirələrdə daha fəal iştirakına şərait yaradılmasının vacibliyini vurğulayıb.
O, həmçinin Avropa İttifaqının institutları ilə dialoqun davam etdirilməsinin və Azərbaycan Milli Platformasının gələcək Aİ–Azərbaycan əməkdaşlıq təşəbbüslərinə töhfə verməsi üçün yeni imkanların yaradılmasının əhəmiyyətini qeyd edib.
Ümumi Yığıncaq Azərbaycan Milli Platformasının yeni koordinasiya dövründə mühüm mərhələ olub. Tədbir Platformanın əməkdaşlığın genişləndirilməsinə, institusional inkişafın təmin edilməsinə və Azərbaycan vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığı çərçivəsində daha fəal iştirakına sadiqliyini bir daha təsdiqləyib.











