“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi»   layihəsinin icrasını davam etdirir.

 

QHT.az xəbər verir ki, layihə çərçivəsində 16 oktyabr 2022-ci il tarixində Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində gənclər üçün  «İnsan alveri nədir?» mövzusunda maarifləndirmə sessiyası təşkil olunub.

İlk təqdimatı təşkilatın rəhbəri Kubra Ələkbərova etdi. O donor və həyata keçirilən layihə haqqında geniş məlumat verildi.  Layihə rəhbəri Südabə Məmmədova bildirdi ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, qurbanlarına hərtərəfli yardım göstərilməsi istiqamətində zəruri addımlar atırlar. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir. 


Südabə Məmmədova ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında geniş  məlumat verərək qeyd etdiki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının  müəyyənləşdirilməsi və onların  cəmiyyətə inteqrasiya sahəsində çox ciddi addımlar atılır. 


Tədbirin sonunda Kubra Ələkbərova İnsan alveri və məişət zorakılğı  qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə  2013-cü ildən etibarən Gəncə şəhərində  «Təmas»   RIIB-nin  nəzdində fəaliyyət göstərən “İnsan alveri  və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın)» fəaliyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, mərkəz-sığınacaqdan gender əsaslı zorakılıqdan əziyyət çəkən, həssas vəziyyətdə olan qadın və uşaqlara hüquqi və psixoloji yardımlar, sosial xidmətlər  göstərilir, ehtiyacı olanlar təhlükəsiz sığınacaqla təmin olunular.