Africa Finance Corporation (AFC) 430 milyon ABŞ dolları (350 milyon İsveçrə frankı) həcmində beşillik rəqəmsal istiqraz buraxıb. Bu, Afrika qurumu tərəfindən tənzimlənən rəqəmsal birjada buraxılan ilk rəqəmsal istiqraz və İsveçrə frankı ilə ən böyük rəqəmsal istiqrazdır.

QHT.az xarici mediaya istinadən bildirir ki, istiqrazın illik kupon faizi 1,4925 faiz təşkil edir. Sövdələşmə AFC-nin 5 milyard dollarlıq Qlobal Orta Müddətli Not Proqramı çərçivəsində Commerzbank və Deutsche Bank tərəfindən təşkil olunub.

İstiqraz Distributed Ledger Technology (DLT) əsasında tokenləşdirilib, sahibliyi rəqəmsal reyestrdə qeyd olunur və hesablaşmalar SIX Digital Exchange vasitəsilə həyata keçirilir. İstiqraz həmçinin SIX Swiss Exchange-də siyahıya alınıb və ticarət olunur.

İnvestor marağı yüksək olub. Tələbin 90 faizi İsveçrənin yerli investorlarından, 10 faizi isə beynəlxalq investorlardan gəlib. Sifarişlərin 57 faizi bank və maliyyə institutlarının, 37 faizi aktivlərin idarə edilməsi şirkətlərinin, 6 faizi isə hedc fondlarının payına düşüb.

AFC hazırda S&P-dən “A” müsbət proqnoz, Moody’s-dən isə “A3” sabit proqnoz reytinqinə malikdir. Cəlb olunan vəsait təşkilatın ümumi maliyyə ehtiyaclarının, eləcə də Afrikadakı infrastruktur və digər inkişaf layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

2007-ci ildə yaradılan AFC indiyədək Afrikada 19 milyard dollar investisiya yatırıb və 48 üzv ölkəyə malikdir. Yeni istiqraz təşkilatın İsveçrə frankı ilə dördüncü və ən böyük istiqrazı olmaqla, Afrikanın infrastruktur inkişafı üçün uzunmüddətli maliyyə imkanlarını genişləndirir.