Ölkə başçısının 27.02.2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi, açıq hökumətin təşviqi ilə bağlı respublikada həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşəbbüsi ilə və Açıq Hökumət Milli Platformasının və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsinin (ECSOFT) texniki dəstəyi ilə qeyri-hökumət təşkilatları (QHT) üçün “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” adlı onlayn təlim keçirilib. 

 

Tədbirdə Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev salamlama sözü ilə çıxış etmiş, Nazirliyin bu sahədə QHT-lər üçün keçirdiyi tədbirlər və hazırlanan vəsaitlər barədə, eyni zamanda qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi barədə iştirakçılara məlumat vermişdir. 

 

Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjaily öz çıxışında FATF standartları və QHT-lərə münasibətdə onların tətbiqinə dair təqdimat etmişdir.

 

MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadə öz təqdimatında QHT-lərin çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə dair öhdəlikləri, risk əsaslı yanaşmanın tətbiqindən irəli gələn praktik məsələləri, eyni zamanda daxili nəzarət mexanizminin yaradılmasına dair ətraflı məlumatları iştirakçılara çatdırdı.

   

Tədbirlərdə Bakı, Qusar, Mingəçevir və digər şəhərlərdə fəaliyyət göstərən yerli QHT-lər və Bakıda fəaliyyət göstərən xarici QHT-lərin nümayəndələri (ümumilikdə 30 nəfər iştirak etmişdir).