Zəfər Günü – Azərbaycan xalqının tarixi ədaləti və dövlətimizin suverenliyini bərpa etdiyi, eyni zamanda milli birliyin, vətənpərvərliyin və vətəndaş məsuliyyətinin hiss olunduğu gündür. 

Bu münasibətlə QHT.az Zəfər Gününün əhəmiyyəti, vətəndaş cəmiyyətinin rolu və gələcəyə baxış barədə "Kistoz Fibroz Xəstələrinə Yardım" İctimai Birliyinin sədri Səadət Bayramovadan müsahibə alıb.

 

QHT.az: 8 Noyabr – Zəfər Günü sizin üçün nə ifadə edir?

Səadət Bayramova: 8 Noyabr mənim üçün təkcə təqvimdə bir tarix deyil. Bu, bir millətin qürurunun, birliyinin, inamının və səbrinin nəticəsi olan möhtəşəm bir gündür. Bu tarix bizə göstərdi ki, xalq öz torpağına, öz haqqına sahib çıxanda, heç bir güc onu dayandıra bilməz. Zəfər Günü bizim milli kimliyimizin və dövlətçilik ruhumuzun təntənəsidir.

 

QHT.az: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində necə bir iz buraxdı?

Səadət Bayramova: 44 gün ərzində Azərbaycan xalqı təkcə torpaqlarını azad etmədi, həm də öz ruhunu, mənəvi gücünü dünyaya göstərdi. Bu döyüşlər bizim nəsillərin yaddaşına yalnız qələbə kimi yox, həm də vətən sevgisinin, birliyin və ədalətə inamın rəmzi kimi həkk olundu. Azərbaycan xalqı sübut etdi ki, o, həm sülhsevər, həm də haqqını qorumağı bacaran millətdir.

 

QHT.az: 8 Noyabrın beynəlxalq səviyyədə əhəmiyyəti barədə nə düşünürsünüz?

Səadət Bayramova: 8 Noyabr təkcə Azərbaycan üçün deyil, beynəlxalq aləm üçün də ədalətin gec-tez qalib gələcəyinə bir nümunədir. Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn gücünü və haqqın sonda qələbə çaldığını bütün dünyaya göstərdi. Bu, regionda yeni bir ədalət və sabitlik dövrünün başlanğıcı oldu.

 

QHT.az: Sizcə, Azərbaycanın 8 Noyabrdan əvvəlki və sonrakı dövrləri arasında hansı əsas fərqlər var?

Səadət Bayramova: Əvvəllər bizdə itki və həsrət hissi vardı. Bu hiss illərlə içimizdə yaşadı. Amma 8 Noyabrdan sonra xalqımızın içində qürur, azadlıq və inam hissi doğuldu. Bu gün gənclər torpağını azad görən nəsildir. Artıq biz itkiləri deyil, qələbəni danışırıq,milli qürur hissi bərpa oldu.Bu, hər bir azərbaycanlının ruhunda böyük dəyişiklik yaratdı.

 

QHT.az: Siz bir ictimai birlik rəhbəri olaraq bu qələbəni necə dəyərləndirirsiniz?

Səadət Bayramova: Mən bu qələbəni həm dövlətimizin gücünün, həm xalqın birliyinin, həm də şəhidlərimizin müqəddəs qanının bəhrəsi kimi dəyərləndirirəm. Hər birimiz bu torpağın azadlığı uğrunda canını verən qəhrəmanlarımız qarşısında borcluyuq. Biz bu borcu yalnız birliyimizi qoruyaraq, vətənə sevgi və xidmətlə ödəyə bilərik.

 

QHT.az: Zəfər Günü münasibətilə xalqımıza nə demək istərdiniz?

Səadət Bayramova: Qələbə bir tarix deyil – bir məsuliyyətdir. Biz bu qələbəni yaşatmalı, onu gələcək nəsillərə doğru, şəffaf və dəyərlərlə dolu şəkildə ötürməliyik. Gəlin, hər birimiz öz sahəmizdə Zəfər Gününün mənasını yaşadaq – sülh, birlik və ədalət içində. Çünki Azərbaycanın Zəfəri, əslində, bizim birliyimizin nəticəsidir.