8 Noyabr — Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün biz 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbəni qeyd edirik. Bu gün hər bir azərbaycanlının qəlbində həm qürur, həm də ağrı ilə anılır, çünki bu qələbə minlərlə şəhidimizin canı, qazilərimizin sağlamlığı, anaların göz yaşı bahasına qazanılıb.

Bu müharibə xalqımızın birliyini, ordumuzun qüdrətini və gənclərimizin vətənpərvərliyini dünyaya göstərdi. Cəmi 18-19 yaşında olan gənclər əllərinə silah alıb Vətəni qorumağa getdilər. Onlardan biri də mənim qardaşım oğlu — Cövdet Şirəliyev idi.

Cövdet 2002-ci ildə Şamaxı  anadan olub. Uşaqlıqdan vətənpərvər, cəsur və məsuliyyətli idi. Məktəbi bitirdikdən sonra əskərliyə çağırılıb  Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı “YAŞMA” dəstəsinə xidmətə başlayıb. 19 yaşına yeni qədəm qoyduğu günlərdə isə artıq cəbhənin ən qaynar nöqtələrində — Şuşa uğrunda gedən döyüşlərdə idi.

“Yaşma” döyüşçüləri müharibənin ən ağır və şərəfli mərhələlərində iştirak etdilər. Onlar Qubadlı, Hadrut, Cəbrayıl istiqamətlərində, sonra isə Şuşanın azad edilməsində ön sırada oldular. Cövdet də həmin igidlərin sırasında idi. O, Şuşaya qalxan döyüş yolunda minaya düşərək ağır yaralanıb, bir gözünü itirib.

Buna baxmayaraq, o, döyüş meydanından son ana qədər geri çəkilməyib, yaralı halda yoldaşlarına kömək edib. Bu gün Cövdet Şirəliyev bizim ailəmizin, Şamaxının, bütün Azərbaycanın qürurudur.

O, göstərdiyi igidliyə görə Azərbaycan dövləti tərəfindən bir neçə medal ilə təltif olunub:

  • “Vətən müharibəsi iştirakçısı” medalı
  •  “Şuşanın azad olunmasına görə” medalı
  •  “Qubadlının azad olunmasına görə” medalı
  •  “Füzulinin azad olunmasına görə” medalı

Cövdetin bu müharibəyə gedəndə cəmi 18 yaşı var idi, 19 yaşına yeni keçmişdi. O, gəncliyin, cəsarətin və vətən sevgisinin simvoludur. Onun kimi gənclər sayəsində bu gün biz Zəfər Gününü qeyd edirik.

Bu qələbənin arxasında minlərlə ailənin göz yaşı, itirdiyi sevdikləri, qazilərin ağrısı dayanır. Biz bu günü sevinclə, amma eyni zamanda şəhidlərimizin ruhuna dərin ehtiramla anırıq.

Ən çox şəhid verən bölgələrdən biri də Şamaxı rayonu olub. Şamaxının igid oğulları Vətən uğrunda canlarından keçərək, adlarını Azərbaycan tarixinin qızıl səhifələrinə yazdırıblar.

Zəfər Günü — sadəcə bir bayram deyil, həm də şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, xalqımızın birliyinə inam günüdür.

Bu qələbə bizim kimliyimizi, birliyimizi və əyilməz ruhumuzu təsdiq etdi.

Biz Cövdet kimi gənclərimizlə fəxr edirik. Onların sayəsində bu torpaq azaddır, bu bayraq ucalarda dalğalanır, bu millət başı dik yaşayır.

Zəfər Günü mübarək, Azərbaycan!

 

 

Südabə Şirəliyeva 

"Qadın və Müasir Dünya" Sosial Xeyriyyə Mərkəzinin sədri