Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü həm də milli kimliyimizin, dövlətçiliyimizin və birliyimizin simvoluna çevrilmişdir. QHT sədrinin sözlərinə görə, bir neçə gündən sonra 5 illiyi qeyd ediləcək bu tarixi zəfərin, o cümlədən həmin zəfərin ümumiləşdirilmiş simvoluna çevrilən 8 Noyabrın beynəlxalq miqyasda tanıdılması vacibdir və bu istiqamətdə müxtəlif təşəbbüslərin reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir:
“Hesab edirəm ki, ilk növbədə, ölkəmizin diplomatik nümayəndəlikləri vasitəsilə müxtəlif ölkələrdə 8 Noyabr münasibətilə tədbirlərin, sərgilərin və konfransların təşkili Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından vacibdir. Beynəlxalq miqyasda atıla bilinən digər addım isə beynəlxalq təşkilatlar çərçivəsində ola bilər. Yəni beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Vətən müharibəsinin nəticələri, azad edilmiş torpaqlarda aparılan bərpa işləri və bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycanın təşəbbüsləri barədə məlumatların paylaşılması davamlı hal almalıdır. Üçüncü bir məqam ictimai diplomatiya sahəsində ola bilər ki, fikrimcə bu istiqamətdə də əsas vəzifələr biz ictimai sektor təmsilçilərinin üzərinə düşür”.






